Litvanın paytaxtı Vilnüsdə dron təhlükəsi səbəbindən hava həyəcanı elan olunub. Litva ictimai yayımçısı LRT-nin məlumatına görə, şübhəli dronun ölkə sərhədinə yaxın ərazilərdə aşkarlanmasından sonra sakinlərə sığınacaqlara və təhlükəsiz yerlərə keçmək barədə xəbərdarlıq göndərilib. Həyəcan siqnalı daha sonra Vilnüs və ətraf rayonlara da şamil olunub.
Litva ordusu əhaliyə “hava həyəcanı” xəbərdarlığı göndərərək dərhal sığınacağa və ya təhlükəsiz yerə getməyi tövsiyə edib. LRT yazır ki, dron aktivliyi əvvəlcə Litvanın şərqində, sərhəd bölgələrinə yaxın rayonlarda qeydə alınıb, daha sonra Vilnüs regionunda “qırmızı” — təcili xəbərdarlıq səviyyəsi elan edilib.
Məlumata görə, mümkün təhlükə ilə əlaqədar NATO-nun Baltik hava patrulu missiyası aktivləşdirilib. İki NATO qırıcısı Estoniyadakı Emari aviabazasından havaya qaldırılıb. Onlardan biri Litvaya, digəri Latviyaya yönləndirilib. Məqsəd dronu aşkar etmək, vizual identifikasiya aparmaq və zərurət yaranarsa, onu məhv etmək olub. Lakin qırıcılar hədəfi tapa bilməyib və daha sonra bazaya qayıdıblar.
Litva Milli Böhran İdarəetmə Mərkəzinin məlumatına görə, obyekt yerli vaxtla təxminən saat 09:40-da sərhədi keçib, saat 11:09-da isə Merkinye şəhəri yaxınlığında radardan itib. Hazırda onun qəzaya uğradığı, başqa ölkənin hava məkanına keçdiyi və ya aşağı hündürlüyə endiyi dəqiq məlum deyil. Dronun axtarışına Litva Hərbi Hava Qüvvələrinin helikopteri və quru bölmələri cəlb olunub.
Hadisə zamanı Vilnüs hava limanının hava məkanı təxminən bir saatlıq bağlanıb, bəzi reyslər Riqaya yönləndirilib. Paytaxt ətrafında dəmir yolu hərəkəti də müvəqqəti dayandırılıb, Vilnüs dəmir yolu vağzalında və rayon ərazisində olan sərnişinlər sığınacaqlara təxliyə olunublar. Daha sonra həm hava, həm də dəmir yolu hərəkəti bərpa edilib.
Litva Prezidenti Gitanas Nauseda, Baş nazir İnqa Ruginyene, parlament üzvləri və dövlət qurumlarının əməkdaşları da təhlükəsizlik məqsədilə sığınacaqlara aparılıblar. Məktəb və uşaq bağçalarına da uşaqları təhlükəsiz yerlərə keçirmək göstərişi verilib.
Dronun mənşəyi ilə bağlı rəsmi yekun açıqlama yoxdur. LRT yazır ki, Litva hərbçiləri əvvəlcə dronun Belarus istiqamətindən daxil olduğunu bildirib, lakin müdafiə naziri Robertas Kaunas sonradan onun Latviya ərazisindən gəlmiş ola biləcəyini qeyd edib. Milli Böhran İdarəetmə Mərkəzi isə Belarus istiqamətini daha ehtimal olunan versiya kimi göstərib, amma obyektin dəqiq mənşəyinin hələ təsdiqlənmədiyini vurğulayıb.
Baltik ölkələri son hadisələrə görə Rusiyanı ittiham edir və Moskvanın Ukrayna dronlarını nəzərdə tutulan Rusiya hədəflərindən yayındıraraq Baltik ölkələrinin hava məkanına yönəltdiyini iddia edirlər. Lakin agentlik qeyd edir ki, bu iddialara dair açıq sübut təqdim olunmayıb.