İsrailin xarici işlər naziri Gideon Saar Qəzzaya doğru hərəkət edən “Global Sumud Flotilla” fəallarının saxlanılmasından sonra milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin yaydığı görüntüləri kəskin tənqid edib. Videolarda Ben-Qvirin saxlanılan fəalları ələ saldığı, onların isə əlləri bağlı vəziyyətdə diz üstə saxlanıldığı görünür.
“Associated Press” yazır ki, hadisə İsrail daxilində və xaricdə ciddi etiraz doğurub.
Saar “X” hesabında Ben-Qvirə müraciətlə bildirib ki, o, “rüsvayçı tamaşa” ilə İsrail dövlətinə qəsdən zərər vurub. Xarici işlər naziri qeyd edib ki, Ben-Qvir İsrail Ordusunun, XİN əməkdaşlarının və digər qurumların gördüyü peşəkar işi heçə sayıb. Saar paylaşımını “Xeyr, sən İsrailin siması deyilsən” sözləri ilə tamamlayıb.
İtamar Ben-Qvir isə Saarın tənqidinə cavab olaraq bildirib ki, hökumətdə bəziləri “terroru dəstəkləyənlərlə necə davranmaq lazım olduğunu” anlamır. Ben-Qvir cavabında İsrailin artıq “şillələnəcək uşaq” olmadığını deyib və “terroru dəstəkləmək üçün” İsrail ərazisinə gələnlərin sərt cavabla üzləşəcəyini bildirib.
Baş nazir Benyamin Netanyahu da Ben-Qvirin davranışını tənqid edib. Netanyahu İsrailin Qəzzaya doğru hərəkət edən “provokativ donanmaları” dayandırmaq hüququna malik olduğunu desə də, Ben-Qvirin saxlanılan fəallarla rəftarının İsrailin dəyərlərinə və normalarına uyğun olmadığını bildirib. O, saxlanılanların mümkün qədər tez deportasiya olunması barədə göstəriş verdiyini açıqlayıb.
Hadisə beynəlxalq reaksiyalara da səbəb olub. “The Guardian” yazır ki, İtaliya, Kanada, Türkiyə, Yunanıstan, İspaniya, İrlandiya və digər ölkələr saxlanılan fəallarla rəftarı pisləyib. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də Ben-Qvirin davranışını “alçaldıcı” adlandıraraq onun İsrailin ləyaqətinə zərər vurduğunu bildirib.
“Global Sumud Flotilla” Qəzzaya humanitar yardım aparmaq və İsrailin dəniz blokadasına etiraz etmək məqsədilə yola çıxmışdı. İsrail qüvvələri donanmanın qalan gəmilərini də saxlayıb və yüzlərlə fəalı İsrailə aparıb. İsrail XİN isə gəmilərin real humanitar məqsəd daşımadığını, aksiyanın siyasi xarakterli olduğunu bildirib.