ABŞ Senatı Prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönələn qətnamənin irəlilədilməsi üçün prosedur səsverməsi keçirib.
“CBS News”un məlumatına görə, senatorlar sənədin komitədən çıxarılması barədə təşəbbüsü 50 lehinə, 47 əleyhinə səslə dəstəkləyiblər. Bu, demokratların İranla bağlı hərbi səlahiyyətlər məsələsində yeddi uğursuz cəhddən sonra əldə etdiyi ilk nəticə kimi qiymətləndirilir.
Sənədin məqsədi ABŞ prezidentinin Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin və ya gələcəkdə yeni hərbi addımlar atmasının qarşısını almaqdır. Qətnamə Tramp administrasiyasının İranla bağlı hərbi əməliyyatları Konqres təsdiqi olmadan davam etdirməsinə qarşı hazırlanıb və prezidentdən bu istiqamətdə qanunverici orqanın razılığını almağı tələb edir.
Səsvermədə dörd respublikaçı senator — Syuzan Kollinz, Liza Murkovski, Rend Pol və Bill Kassidi demokratların əksəriyyəti ilə birlikdə qətnamənin irəlilədilməsinə səs verib. Demokrat senator Con Fetterman isə sənədin əleyhinə çıxıb. “CBS News”-un məlumatına görə, üç respublikaçı senator səsvermədə iştirak etməyib və bu da nəticəyə təsir göstərən amillərdən biri olub.
Qətnamənin müəlliflərindən biri senator Tim Keyndir. O, ABŞ-ın İranla bağlı hərbi siyasətinin məqsədləri, xərcləri və strategiyası barədə Konqresdə açıq müzakirə aparılmalı olduğunu bildirib. Demokratlar bu səsverməni Trampın İran siyasətinə qarşı Konqresdə artan narahatlığın göstəricisi kimi təqdim edirlər.
Bununla belə, CBS qeyd edir ki, bu səsvermə hələ sənədin tam qəbul olunması demək deyil. Qətnamənin qüvvəyə minməsi üçün onun Konqresin hər iki palatasından keçməsi lazımdır. Hətta Nümayəndələr Palatası da sənədi qəbul etsə, Trampın ona veto qoyacağı gözlənilir. Prezident vetosunu aşmaq üçün hər iki palatada üçdə iki səs çoxluğu tələb olunacaq.