Portuqaliyanın ikinci liqasında çıxış edən “Torreense” klubunda emosional anlar yaşanıb; komandanın futbolçuları klub yoldaşları Stopiranın — tam adı ilə İanike dos Santos Tavaresin — Kabo Verde millisinin DÇ-2026 üçün heyətinə çağırıldığını öyrənəndə paltardəyişmə otağında böyük sevinc yaşayıblar.
“A Bola”nın məlumatına görə, 37 yaşlı müdafiəçinin adı açıqlanan kimi “Torreense” futbolçuları onu alqışlarla və coşqu ilə təbrik ediblər.
Stopira Kabo Verde millisinin 26 nəfərlik mundial heyətinə daxil edilib. Kabo Verde millisinin baş məşqçisi Bubista ilk dünya çempionatı üçün əsasən komandanı tarixi vəsiqəyə daşıyan heyəti qoruyub.
Bu çağırış həm Stopira, həm də “Torreense” üçün tarixi əhəmiyyət daşıyır. “A Bola” yazır ki, 61 dəfə Kabo Verde millisinin formasını geyinən Stopira “Torreense” tarixində dünya çempionatına çağırılan ilk futbolçu olub.
Kabo Verde üçün DÇ-2026 ümumiyyətlə tarixi turnir olacaq. Komanda 2025-ci ilin oktyabrında Esvatini üzərində 3:0 hesablı qələbə qazanaraq tarixində ilk dəfə dünya çempionatına vəsiqə əldə edib. Həmin oyunda son qolu məhz, Stopira vurmuşdu və bu qol Kabo Verdenin mundiala vəsiqəsini rəsmiləşdirən epizodlardan biri kimi yadda qalıb.
Kabo Verde DÇ-2026-da “H” qrupunda İspaniya, Uruqvay və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq. Komanda mundiala hazırlıq çərçivəsində Serbiya və Bermuda ilə yoxlama oyunları keçirəcək.