ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi zərbəni müvəqqəti təxirə saldığını bildirib. Onun sözlərinə görə, qərar Yaxın Şərqdəki müttəfiqlərin, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin müraciətindən sonra qəbul edilib. Bu ölkələr Vaşinqtondan 2-3 günlük möhlət istəyərək İranla mümkün razılaşmanın yaxın olduğunu bildiriblər.
MSNews.az xəbəri “Associated Press”-ə istinadən təqdim edir.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında “çox böyük hücum” planlaşdırıldığını, lakin onu “qısa müddətə, ümid edirəm bəlkə də həmişəlik” təxirə saldığını deyib. ABŞ lideri bildirib ki, hazırda İranla “ciddi danışıqlar” aparılır və razılaşma əldə olunacağına dair “çox yaxşı şans” görünür. Onun sözlərinə görə, əgər İranın nüvə silahı əldə etməsinin qarşısını bombardmansız almaq mümkün olsa, Vaşinqton bundan məmnun olar.
ABŞ Prezidenti eyni zamanda xəbərdarlıq edib ki, razılaşma əldə edilməsə, Amerika ordusu “bir anın içində” İrana qarşı tammiqyaslı hücuma keçməyə hazır olacaq. Tramp sosial şəbəkə paylaşımında ABŞ hərbçilərinə “qəbul edilə bilən razılaşma əldə olunmasa, İrana qarşı tam və genişmiqyaslı hücuma hazır olmaq” tapşırığı verdiyini bildirib.
Tramp daha əvvəl də Tehrana sərt xəbərdarlıq etmişdi. O, “İran üçün saat işləyir, onlar sürətlə hərəkətə keçsələr yaxşı olar” deyə yazmışdı. ABŞ lideri son açıqlamasında isə hazırkı diplomatik fasiləni “çox müsbət dəyişiklik” adlandırsa da, keçmişdə də razılaşmaya yaxın olunduğu halda nəticə əldə edilmədiyini xatırladıb.
Danışıqlarda əsas mövzulardan biri İranın nüvə proqramıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, ABŞ-İran danışıqlarında təcili məsələ Hörmüz boğazının açıq qalmasıdır, lakin İranın nüvə proqramı hələ də əsas müzakirə mövzusu olaraq qalır. İran son təklifində müəyyən nüvə güzəştləri təqdim etsə də, Tramp bu təklifi “qəbuledilməz” sayıb.
Məsələ qlobal enerji bazarlarına da təsir edib. Trampın zərbəni təxirə salması barədə açıqlamasından sonra neft qiymətlərində eniş qeydə alınıb. Açıqlamadan əvvəl neft fyuçersləri 108,83 dollar/barrel səviyyəsində ticarət olunurdu, Trampın paylaşımından sonra isə qiymət 2 dollardan çox azalıb.
Tramp son günlərdə İran müharibəsi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu və Çin Sədri Si Cinpinlə də danışıb. “The Guardian”ın yazdığına görə, Ağ Evin məlumatında Tramp və Si Cinpinin Hörmüz boğazının enerji axınının sərbəstliyi üçün açıq qalmalı olduğu barədə razılaşdığı, Çin liderinin isə boğazın hərbiləşdirilməsinə qarşı çıxdığı bildirilmişdi.