İran ABŞ-la münaqişənin nizamlanması üzrə təkliflərini əks etdirən yeni 14 maddəlik sənədi Pakistan vasitəçiliyinə təqdim edib. Bu barədə İranın yarı-rəsmi “Tasnim” agentliyi məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Vaşinqton daha əvvəl Tehranın 14 maddəlik sənədinə cavab göndərib, İran isə həmin cavabdan sonra düzəlişlər edərək yeni mətnini yenidən Pakistan vasitəsilə qarşı tərəfə çatdırıb.
Məlumata əsasən, yeni sənəd əsasən müharibənin başa çatdırılması, danışıqların davamı və ABŞ tərəfindən etimad quruculuğu tədbirlərinə yönəlib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də Tehranla Vaşinqton arasında mövqelərin Pakistan vasitəçiliyi ilə ABŞ tərəfinə çatdırıldığını təsdiqləyib.
Pakistan mənbəsi İranın yenilənmiş təklifinin ABŞ-a ötürüldüyünü bildirib və tərəflər arasında fikir ayrılıqlarının hələ də ciddi olduğunu qeyd edib. Danışıqları ləngidən əsas məsələlər arasında İranın nüvə proqramı, Hörmüz boğazı ətrafındakı vəziyyət, ABŞ-ın dəniz blokadası, müharibə zərərlərinə görə kompensasiya və İran neftinin satışının bərpası yer alır.
“Tasnim” daha əvvəl yazmışdı ki, İranın 14 maddəlik təklifində ABŞ hərbi qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması, hücum etməmə zəmanəti, dəniz blokadasının aradan qaldırılması, dondurulmuş aktivlərin azad edilməsi, sanksiyaların ləğvi, kompensasiya ödənilməsi, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması və Hörmüz boğazı üzrə yeni mexanizmin yaradılması kimi məsələlər yer alır.
“Al Jazeera”-nin təhlilinə görə, İran müharibənin müvəqqəti atəşkəslə uzadılmasını deyil, daimi şəkildə başa çatdırılmasını istəyir. Tehran eyni zamanda nüvə proqramı üzrə suveren hüquqlarının tanınmasında israr edir, Vaşinqton isə zənginləşdirilmiş uran və nüvə infrastrukturunu əsas “qırmızı xətt” kimi saxlayır.
Hələlik ABŞ tərəfi İranın yeni sənədinə rəsmi yekun cavab verməyib. Buna görə də prosesin yaxın günlərdə diplomatik razılaşmaya, yoxsa yeni gərginlik mərhələsinə aparacağı açıq qalır.