İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Görüşdən sonra təbii qaz, elektrik enerjisi və Bakı–Tbilisi–Qars layihəsi üzrə sənədlər imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub. Dövlət başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladaraq, həmin səfərin Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Prezident İlham Əliyev görüşdən sonra imzalanacaq sənədlərin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. 

İrakli Kobaxidze qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və Azərbaycanda olmaqdan xüsusi məmnunluq duyduğunu deyib. O, Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfərinin ölkəsində dərin təəssürat yaratdığını qeyd edib. Gürcüstanın Baş naziri həmçinin Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmini diqqətə çatdırıb.

Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün Bakıda keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edib. O, forumun dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün mühüm platforma olduğunu bildirib. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamətdə dinamik inkişaf etdiyi qeyd olunub. Tərəflər siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.

Görüşdən sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə bir sıra sənədlər imzalanıb. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş, həmçinin “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər — Kartsaxi dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası və inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.