İsrail ölüm hökmü qanununu Qərb sahilində tətbiq edir

İsrail ordusu ölüm hökmü qanununun İordan çayının qərb sahilində tətbiqinə imkan verən hərbi əmri imzalayıb. Qərar Aİ və insan haqları təşkilatları tərəfindən tənqid olunur.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail ordusu yeni qəbul edilmiş ölüm hökmü qanununun işğal altındakı İordan çayının qərb sahilində tətbiqinə imkan verən hərbi əmri imzalayıb. Bu addım martın 30-da Knessetdə qəbul olunan mübahisəli normanın praktik icrasına doğru ilk mərhələ hesab olunur. 

MSNews.az xəbəri “The Times of Israel” nəşrinə istinadən təqdim edir.

Məlumata görə, əmri İsrail ordusunun Mərkəzi Komandanlığının rəhbəri, general-mayor Avi Blut imzalayıb. Hərbi əmrin qüvvəyə minməsi ilə Qərb sahilində fəaliyyət göstərən hərbi məhkəmələr müəyyən hallarda fələstinlilərə ölüm hökmü çıxara biləcək.

Qanun yəhudilərin qətlində təqsirli bilinən və hücumu “İsrail dövlətinin mövcudluğunu” və ya bölgədəki hərbi komandanlığın hakimiyyətini inkar etmək məqsədilə törətdiyi iddia olunan şəxslərə şamil edilir. Norma əsasən Qərb sahilindəki hərbi məhkəmə sistemində mühakimə olunan fələstinlilərə tətbiq olunur; İsrail vətəndaşları isə mülki məhkəmələrdə mühakimə edilir.

İsrael Kats qərarı müdafiə edərək bildirib ki, “yəhudiləri öldürən terrorçular” həbsxanada saxlanılmayacaq və “ən ağır bədəli ödəyəcəklər”. İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə hərbi əmrin imzalanmasını öz partiyasının seçki vədlərindən birinin yerinə yetirilməsi kimi qiymətləndirib.

Qanun beynəlxalq səviyyədə ciddi tənqid olunub. Avropa İttifaqı martın 31-də yaydığı bəyanatda ölüm hökmünə bütün hallarda və şəraitlərdə qarşı olduğunu bildirib və İsrailin uzun müddət ölüm hökmlərinin icrasında faktiki moratorium saxladığını xatırladıb. Aİ bu qanunun qəbulunu “geri addım” kimi qiymətləndirib.

BMT ekspertləri və insan haqları təşkilatları da qanunun ayrı-seçkilik xarakteri daşıdığını bildiriblər. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ekspertləri yeni normanın faktiki olaraq yalnız fələstinlilərə qarşı ölüm hökmü rejimi yaratdığını və bunun beynəlxalq insan hüquqları öhdəliklərini pozduğunu bəyan ediblər.

İsraildə fəaliyyət göstərən bir sıra insan haqları təşkilatları da qanunun ədalətli məhkəmə təminatlarını zəiflədə biləcəyini, səhv hökmlər və işgəncə altında alınmış etiraflarla bağlı riskləri artırdığını bildiriblər.

Beləliklə, hərbi əmrin imzalanması ölüm hökmünün dərhal icrası demək deyil, lakin Qərb sahilində fələstinlilərin mühakimə olunduğu hərbi məhkəmələr üçün bu cəzanın tətbiqinə hüquqi yol açır. Bu isə İsrail-Fələstin münaqişəsi fonunda onsuz da gərgin olan siyasi və hüquqi mühitdə yeni narahatlıq doğuran mərhələ kimi qiymətləndirilir.