Paris prokurorluğu İlon Maska məxsus “X” sosial şəbəkəsi ilə bağlı araşdırmanı yeni mərhələyə keçirib. “Reuters”-in məlumatına görə, Paris prokurorluğu “X” platforması ilə bağlı məhkəmə istintaqı açıb və iş artıq istintaq hakimlərinin icraatına verilib. Araşdırma platformada alqoritmlərdən sui-istifadə və saxta məlumatlarla bağlı iddiaları əhatə edir.
Prokurorluq “X Corp”, “xAI”, “X.AI Holdings Corp”, İlon Mask və “X”-in keçmiş baş direktoru Linda Yakkarinonun rəsmi istintaqa cəlb olunmasını istəyir. Nəşr yazır ki, bunun üçün həmin şəxslər istintaq hakimləri tərəfindən çağırıla bilər; çağırışa gəlmədikləri halda isə hakimlərin order verməsi mümkündür. Bu, hüquqi baxımdan onların formal istintaqa cəlb olunmasına bərabər sayılacaq.
Araşdırma son aylarda daha da genişləndirilib. İddialara görə, “X” platforması və onun süni intellekt aləti “Grok” uşaqlarla bağlı pornoqrafik materialların yayılması, seksual xarakterli “deepfake”lərin yaradılması, Holokostun inkarı və avtomatlaşdırılmış məlumat emalı sistemlərinin manipulyasiyası kimi mümkün cinayətlər üzrə yoxlanılır. Paris prokurorluğu daha əvvəl bu məsələ ilə bağlı “X”-in Paris ofislərində axtarış aparıldığını və İlon Maskın ifadə verməyə çağırıldığını açıqlamışdı.
Fransa hüquq-mühafizə orqanları “X”-in alqoritmlərinin qərəzli işləməsi və platformadan qeyri-qanuni məzmunun yayılması üçün istifadə olunması ehtimalını araşdırır. “Sərhədsiz Reportyorlar” təşkilatı da “X”-ə qarşı əlavə şikayət verərək platformanın dezinformasiyanın yayılmasına şərait yaratdığını və qanunsuz məzmunla bağlı xəbərdarlıqlara yetərli reaksiya vermədiyini bildirib.
“X” platforması isə ittihamları rədd edir və istintaqı siyasi motivli hesab edir. “Al Jazeera”-nin məlumatına görə, “X”-in qlobal hökumətlərlə əlaqələr komandası Fransa hüquq-mühafizə orqanlarının addımlarını “siyasi məqsədli” və “əsassız” adlandırıb. Platforma hər hansı qanun pozuntusunu qəbul etmir.
Hələlik İlon Maska qarşı həbs orderinin verildiyi barədə rəsmi məlumat yoxdur. Lakin istintaq çərçivəsində çağırışlara cavab verilməməsi halında belə bir hüquqi addımın atılması ehtimalı Fransa məhkəmə prosedurlarında nəzərdə tutulan variantlardan biri kimi gündəmə gəlib.