Banqladeşin Narayanqanc şəhərində saxlanılan çəhrayı rəngli albinos camış qeyri-adi görünüşünə görə sosial şəbəkələrdə böyük maraq doğurub. Təxminən 700 kiloqram çəkisi olan heyvana başındakı qızılı-narıncı tüklərə görə “Donald Tramp” ləqəbi verilib. Yerli sakinlər və ziyarətçilər heyvanın saç düzümünün ABŞ Prezidentinin xarici görünüşünü xatırlatdığını bildirirlər.
Xəbəri “The Business Standard”-a istinadən təqdim edirik.
Camış Narayanqanc şəhərinin Paikpara ərazisində yerləşən “Rabeya Agro Farm” fermasında saxlanılır. “The Business Standard”ın məlumatına görə, heyvan sosial şəbəkələrdə yayılandan sonra insanlar onu görmək, şəkil çəkdirmək və videoya almaq üçün fermaya axın etməyə başlayıblar. Ferma sahibi Ziauddin Mridha camışı təxminən 10 ay əvvəl Racşahidəki mal-qara bazarından aldığını və ləqəbin qardaşının zarafatından sonra yayıldığını deyib.
UNB-nin məlumatına əsasən, üç il yarımlıq albinos camış açıq çəhrayı dərisi və başının ön hissəsindəki uzun tükləri ilə fermadakı digər qurbanlıq heyvanlardan seçilir. Ferma nümayəndələri bildiriblər ki, heyvan sakit xarakterlidir və xüsusi qulluq altında saxlanılır. Onun yem rasionuna qarğıdalı, soya, kəpək, yağlı toxum cecəsi, saman və təzə ot daxildir.
Heyvan artıq Dəkkədən olan alıcıya canlı çəki hesabı ilə satılıb. Məlumatlara görə, camışın satış qiyməti kiloqram üçün 550 taka müəyyən edilib və ümumi dəyəri təxminən 3,85 lakh taka təşkil edib. Buna baxmayaraq, o, Qurban bayramı ərəfəsində “Rabeya Agro Farm”-ın əsas diqqət mərkəzində qalır.
Narayanqancın Heyvandarlıq İdarəsinin nümayəndəsi Abdul Mannan camışın nadir xarici cins olmadığını, yerli albinos tipli heyvan olduğunu bildirib. Onun sözlərinə görə, qeyri-adi rəng bədəndə piqment çatışmazlığı ilə bağlıdır. “Rabeya Agro Farm” bu il Qurban bayramı üçün təxminən 200 heyvan hazırlayıb, lakin “Tramp” ləqəbli çəhrayı camış onların arasında ən çox diqqət çəkənə çevrilib.