ABŞ Prezidenti Donald Trampın yaxın 24 saat ərzində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul edə biləcəyi bildirilir.
Bu barədə İsrailin “Mako” portalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İsrail tərəfi Vaşinqtondan yekun cavabı eyni zaman çərçivəsində almağı gözləyir.
İsrail mediasının yazdığına görə, yüksək vəzifəli israilli məmur döyüş əməliyyatlarının yenidən başlamasını “yaxınlaşan ssenari” kimi qiymətləndirib. Onun sözlərinə əsasən, İsrail “bir neçə gün və ya bir neçə həftə” davam edə biləcək qarşıdurmaya hazırlaşır.
“12-ci kanal”ın məlumatında qeyd olunur ki, ABŞ-İran danışıqlarında ciddi irəliləyiş əldə edilməyib və bu səbəbdən hərbi variant yenidən Vaşinqtonun gündəminə qayıdıb. Daha əvvəl də ABŞ rəsmilərinə istinadən yayılan məlumatlarda Trampın Tehranla aparılan danışıqlardan narazı qaldığı və İrana qarşı hərbi əməliyyatların hansısa formada bərpasına meyilli olduğu bildirilmişdi.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Senatda çıxışı zamanı ABŞ zərbələrinin İranın hərbi və müdafiə sənayesinə ciddi zərər vurduğunu bildirib. Bununla belə, ABŞ kəşfiyyat qiymətləndirmələri İranın hələ də raket, dron və kiçik hərbi qayıq imkanlarına malik olduğunu göstərir.
Hazırda nə Ağ Ev, nə də İsrail hökuməti mümkün zərbə qərarı ilə bağlı rəsmi yekun açıqlama verib. Buna görə də yayılan məlumatlar hələlik İsrail mediasına və anonim rəsmilərə istinad edən xəbər kimi qiymətləndirilir.