Vinisius və Virciniyanın ayrılığının səbəbi bilindi

Braziliya mediası Vinisius Junior və Virciniya Fonsekanın ayrılığını Madridə dəvət edilən modellər və restoran qalmaqalı ilə əlaqələndirir.

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior və influenser Virciniya Fonseka arasındakı münasibətin bitməsinin səbəbi ilə bağlı Braziliya mediasında yeni iddialar yayılıb. Məlumata görə, ayrılıqda futbolçunun bir neçə braziliyalı modeli Madridə dəvət etməsi və onların Vinisiusla Virciniyanın daha əvvəl birlikdə şam etdiyi restoranda görünməsi həlledici rol oynayıb.

Bu barədə Braziliyanın “Portal LeoDias” nəşri yazıb.

“Natelinha” portalının məlumatına görə, Virciniya Fonseka Vinisiusla birlikdə olduğu müddətdə Madridə gələn modellər barədə məlumat alıb və onların cütlüyün getdiyi restorana gəlməsi münasibətdə gərginliyi artırıb. Mənbə iddia edir ki, futbolçunun həmin modellərin səfər xərclərini qarşıladığı barədə məlumatlar da qalmaqalı daha da böyüdüb.

Braziliya mediasında yayılan iddialarda “Real Madrid”in digər futbolçusu Eder Militaonun adı da hallandırılıb. Lakin Militaonun ətrafı və sonradan futbolçunun özü bu məlumatları təkzib edib. Militao sosial şəbəkədə yaydığı açıqlamada onun adı ilə bağlı iddiaların əsassız olduğunu, real sübut olmadan ittihamların yayılmasının həm onun imicinə, həm də ailəsinə zərər verdiyini bildirib.

Məsələni daha da diqqətçəkən edən məqam isə Virciniya Fonsekanın bundan qısa müddət sonra Vinisiusla ayrıldığını elan etməsidir. 27 yaşlı influenser “Instagram” paylaşımında münasibətin bitdiyini açıqlayıb və “həyatımda müzakirə olunmamalı olan şeyləri heç vaxt müzakirə etməməyi öyrənmişəm” ifadəsini işlədib. O, ayrılığın konkret səbəbini açıq şəkildə göstərməsə də, artıq mənasını itirən münasibəti davam etdirməyin doğru olmadığını bildirib.

Qeyd edək ki, Vinisius və Virciniyanın münasibəti daha əvvəl də xəyanət iddiaları ilə gündəmə gəlmişdi. İspaniya mediasının məlumatına görə, ötən il futbolçu Virciniyadan açıq şəkildə üzr istəmiş, ona qarşı diqqətsiz davrandığını və onu məyus etdiyini etiraf etmişdi. Buna baxmayaraq, cütlük münasibəti davam etdirmişdi.