BƏƏ Fuceyra limanı üzərindən xam neft ixrac imkanlarını genişləndirəcək yeni “Qərb-Şərq” neft kəməri layihəsinin icrasını sürətləndirir. Layihə ölkənin strateji baxımdan həssas hesab olunan Hörmüz boğazından yan keçmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Bu barədə qərar Əbu-Dabi vəliəhd şahzadəsi və Əbu-Dabi İcra Şurasının sədri şeyx Xalid bin Məhəmməd bin Zayed Al Nəhyanın sədrliyi ilə keçirilən ADNOC İdarə Heyətinin İcraiyyə Komitəsinin iclasında müzakirə olunub. Əbu-Dabi hökumətinin mətbuat xidmətinin məlumatına görə, şeyx Xalid ADNOC-a layihənin icrasını sürətləndirməyi tapşırıb. Kəmər hazırda tikinti mərhələsindədir və 2027-ci ildə istifadəyə verilməsi gözlənilir.

Yeni kəmər ADNOC-un Fuceyra vasitəsilə ixrac gücünü iki dəfə artırmalıdır. Bu addım BƏƏ-nin Hörmüz boğazından yan keçərək neft ixrac etmək imkanlarını ciddi şəkildə genişləndirəcək.
Fuceyra limanı Oman körfəzi sahilində yerləşdiyi üçün Hörmüz boğazından kənar ixrac marşrutu kimi xüsusi əhəmiyyət daşıyır. Mövcud Xabşan–Fuceyra xətti, həmçinin “Abu Dhabi Crude Oil Pipeline” — ADCOP kimi tanınır və xam nefti Əbu-Dabinin qurudakı Xabşan yataqlarından birbaşa Fuceyra limanına daşıyır. “The National” yazır ki, bu marşrut BƏƏ-nin enerji təhlükəsizliyi strategiyasının əsas elementlərindən biridir və ölkəyə regional gərginliklər dövründə ixracı fasiləsiz davam etdirmək imkanı verir.
“Al Jazeera”-nın məlumatına əsasən, hazırkı ADCOP xətti təxminən 1,5 milyon barrel/gün gücə malikdir və 2012-ci ildən fəaliyyət göstərir. Yeni “Qərb-Şərq” layihəsi bu ixrac imkanlarını ikiqat artırmaqla BƏƏ-nin qlobal enerji bazarında təchizatçı kimi mövqeyini gücləndirməyi hədəfləyir.
Layihə ABŞ-İran münasibətlərində gərginliyin enerji bazarlarına təsir etdiyi və Hörmüz boğazı ətrafında risklərin artdığı bir dövrdə gündəmə gəlib. “Reuters” yazır ki, neft qiymətləri cümə günü 3 faizdən çox bahalaşıb, Brent markalı neftin qiyməti isə 109 dollar/barel səviyyəsini keçib.