“Avroviziya” mahnı müsabiqəsinin rəhbəri Martin Qrin Rusiyanın Ukraynadakı müharibə başa çatmamışdan əvvəl də yarışmaya qayıtmasının nəzəri baxımdan mümkün olduğunu bildirib. Bu barədə Qrin Britaniyanın LBC radiosuna müsahibəsində danışıb.

Qrin Rusiyanın müsabiqədən kənarlaşdırılmasının birbaşa müharibə faktına görə deyil, ölkənin dövlət yayımçısı VGTRK ilə bağlı qərara əsaslandığını deyib. Onun sözlərinə görə, Avropa Yayım İttifaqı — EBU həmin yayımçının Kremldən müstəqil fəaliyyət göstərdiyini sübut edə bilmədiyi qənaətinə gəlmişdi. Qrinə “yayımçı EBU qaydalarına uyğun gələrsə, Rusiya müsabiqəyə qayıda bilərmi?” sualı verildikdə o, “nəzəri olaraq, bəli” cavabını verib.
Bununla belə, EBU-nun 2022-ci ildə yaydığı rəsmi bəyanatda Rusiyanın həmin ilki müsabiqədən kənarlaşdırılması “Ukraynadakı görünməmiş böhran” fonunda Rusiya iştirakının yarışmanın nüfuzuna zərər vura biləcəyi ilə əsaslandırılmışdı. Daha sonra EBU Rusiyanın üç üzv yayımçısının nümayəndələrini qurumun idarəetmə strukturlarında fəaliyyətdən də kənarlaşdırmışdı.
Qrin İsrailin müsabiqədə iştirakına dair mübahisələrə də toxunub. Onun sözlərinə görə, İsrail məsələsində Rusiyanın 2022-ci ildəki vəziyyətindən fərqli olaraq “qlobal konsensus” mövcud deyil. Qrin bildirib ki, əgər belə konsensus varsa, qərar çox sürətlə verilir, əks halda təşkilat məsələyə daha ehtiyatla yanaşmalı olur.
LBC yazır ki, Qrinin açıqlamaları Böyük Britaniyada bəzi siyasətçilərin kəskin tənqidinə səbəb olub. Onlar Rusiyanın müharibə davam etdiyi halda “Avroviziya”ya qayıda bilməsi ehtimalını Ukraynaya verilən əvvəlki dəstək mesajları ilə ziddiyyətli hesab ediblər.