Afina (Çin) və Sparta (ABŞ): “Fukidid tələsi” nə mesaj verir?

Çin üzrə mütəxəssis Pərviz Əliyevin şərhinə görə, Si Cinpinin Tramp ilə görüşdə “Fukidid tələsi”nə istinad etməsi ABŞ-a strateji xəbərdarlıqdır: Vaşinqton Çinin yüksəlişini hərbi-siyasi təzyiqlə dayandırmağa çalışsa, özü tarixi tələyə düşə bilər.

Çin üzrə mütəxəssis Pərviz Əliyevin fikrincə, Si Cinpinin Tramp ilə danışıqlarda “Fukidid tələsi”nə istinad etməsi təsadüfi tarixi metafora deyil, Pekinin Vaşinqtona verdiyi strateji mesajdır. Bu anlayış yüksələn güclə mövcud hegemon arasında rəqabətin müharibəyə çevrilməsi riskini ifadə edir və müasir ABŞ-Çin münasibətlərini izah etmək üçün xüsusilə Qrem Allison tərəfindən məşhurlaşdırılıb. 

“Əslində, bunu yalnız Fukididin yox, həm də Qrem Allisonun tələsi adlandırmaq olar. Çünki bu termin müasir siyasi elmdə məhz, ABŞ kimi mövcud hegemonun Çin kimi yüksələn gücdən qorxaraq onu cilovlamaq üçün sərt vasitələrə əl atması ehtimalını izah edir”, — deyə Pərviz Əliyev bildirir.

Ekspertin sözlərinə görə, Si Cinpin bu anlayışı gündəmə gətirməklə ABŞ-a açıq şəkildə xəbərdarlıq edir: əgər Vaşinqton yüksələn Çini Sparta məntiqi ilə dayandırmağa çalışsa, özü də tarixi tələyə düşə bilər. Qədim Yunanıstanda Sparta Afinanın yüksəlişindən qorxduğu üçün Peloponnes müharibəsinə sürüklənmişdi; müasir dövrdə isə bu analogiyada ABŞ Sparta, Çin isə yüksələn Afina kimi görünür.

“Çin üçün burada əsas söz ‘tələ’dir. Pekin demək istəyir ki, əgər ABŞ qorxusunu strategiyaya çevirib hərbi-siyasi təzyiq yolunu seçsə, bu, Çindən çox Amerikanın özünü tələyə salacaq”, — deyə Pərviz Əliyev vurğulayır.

Bununla belə, ekspert hesab edir ki, Çini birbaşa Afina ilə eyniləşdirmək də tam doğru deyil. Çünki Pekin rəsmi ritorikasında hegemonluq uğrunda mübarizə aparmadığını, əksinə, böyük dövlətlər arasında yeni münasibət modeli qurmaq istədiyini bildirir. Si Cinpin daha əvvəl də “Fukidid tələsi”nin qaçılmaz olmadığını, lakin strateji səhv hesablamaların belə tələləri yarada biləcəyini demişdi.

“Çin özünü klassik mənada hegemonluq iddiasında olan Afina kimi göstərmək istəmir. Pekin daha çox belə bir obraz qurur: biz yüksəlirik, amma sizin yerinizi zorla almağa gəlmirik; əgər münaqişə yaranırsa, bu, bizim yüksəlişimizdən çox sizin qorxunuzun nəticəsidir”, — deyə Pərviz Əliyev qeyd edir.

Onun fikrincə, Si Cinpinin mesajının əsas mahiyyəti budur: ABŞ Çinin yüksəlişini dayandıra bilməyəcək, amma bu prosesi təhlükəli qarşıdurmaya çevirib-çevirməmək Vaşinqtonun seçimindən asılı olacaq. Bu baxımdan “Fukidid tələsi” diplomatik ifadə yox, yeni dünya düzəni uğrunda mübarizənin ideoloji çərçivəsidir.

“Pekin Vaşinqtona deyir ki, siz bizimlə rəqabət apara bilərsiniz, amma bu rəqabəti müharibə məntiqinə çevirsəniz, nəticədə qlobal sistemin özü zədələnəcək. Çin hələ qlobal hegemon roluna tam hazır deyil, amma ABŞ-ın təkbaşına hökmranlıq etdiyi dövr də əvvəlki kimi davam etmir”, — deyə ekspert bildirir.

Pərviz Əliyevin qənaətinə görə, Tramp-Si danışıqlarında “Fukidid tələsi”nin xatırladılması iki ölkə arasında sadə diplomatik gərginliyin yox, daha dərin struktur qarşıdurmanın mövcud olduğunu göstərir. Bu qarşıdurmada əsas sual artıq ticarət tarifləri və ya ayrı-ayrı razılaşmalar deyil, XXI əsrin qlobal liderliyinin hansı qaydalarla formalaşacağıdır.