Donald Trampın Çinə səfərindən ciddi irəliləyiş gözləmək sadəlövhlük olardı. Məsələ yalnız Trampın şəxsi üslubu, sərt ritorikası və ya ideoloji fərqliliklərlə bağlı deyil. Problem daha dərindir: ABŞ və Çin artıq beynəlxalq sistemdə biri mövcud hegemon, digəri isə yüksələn güc kimi qarşı-qarşıyadır. Belə vəziyyətdə tərəflər arasında tam anlaşma deyil, yalnız rəqabətin idarə olunması mümkündür.
Bu fikirləri Çin üzrə mütəxəssis Pərviz Əliyev öz qısa təhlilində vurğulayıb.
“Burada söhbət sadəcə Trampın təkəbbüründən və ya Çinlə ideoloji ziddiyyətdən getmir. ABŞ və Çin artıq eyni qlobal sistemdə biri mövcud lider, digəri isə yüksələn alternativ güc kimi üz-üzə dayanıb. Belə vəziyyətdə anlaşma deyil, rəqabətin idarə olunması əsas mövzuya çevrilir”, — deyə Pərviz Əliyev qeyd edir.
Ekspert hesab edir ki, ABŞ-ın dünyadakı bölünməz təsiri tədricən zəifləyir. Trampın beynəlxalq qaydalara, diplomatik ənənələrə və mövcud qlobal nizama sərt yanaşması isə bu geriləməni dayandırmaq cəhdidir. Lakin bu proses artıq fərdi liderlərin qərarlarından daha geniş məna daşıyır.
Pərviz Əliyevin sözlərinə görə, “Tramp əslində qlobal siyasət okeanına yuyulan qum qalasını zorla saxlamağa çalışır. Amma problem ondadır ki, həmin qala artıq əvvəlki kimi möhkəm deyil. ABŞ hegemoniyası aşınır, Çin isə hələ tam qlobal lider olmasa da, yüksəliş xəttini davam etdirir”.
Ekspert bildirir ki, Si Cinpinin “əməkdaşlıq”, “ortaq rifah” və “ABŞ şirkətlərinin Çin bazarına çıxışı” ilə bağlı mesajları diplomatik baxımdan yumşaq səslənsə də, mahiyyət etibarilə Vaşinqtona yeni reallığı qəbul etmək çağırışıdır. Onun fikrincə, Çin ABŞ-dan artıq təkbaşına dünya qaydalarını müəyyən edə bilmədiyini etiraf etməsini istəyir.
“Si Cinpinin əməkdaşlıq çağırışları ilk baxışda kompromis kimi görünür. Amma əslində bu, Vaşinqtona verilən strateji mesajdır: dünya dəyişib və ABŞ artıq əvvəlki kimi hər şeyi təkbaşına diktə edə bilməz”, — deyə Pərviz Əliyev vurğulayır.
Onun sözlərinə görə, ABŞ-Çin qarşıdurmasını Pekin başlamayıb. Əksinə, Tramp ilk prezidentliyi dövründə Çini Vaşinqtonun əsas geosiyasi rəqibi kimi müəyyənləşdirdi. Halbuki qloballaşma, azad ticarət və tarif maneələrinin azalması Çinin XXI əsrdə sürətli yüksəlişinin əsas səbəblərindən biri oldu.
Pərviz Əliyev hesab edir ki, Vaşinqton indi özünün yaratdığı qlobal iqtisadi modelin nəticələrini dayandırmağa çalışır. “Çinin yüksəlişi təsadüfi deyil. Onu məhz, qloballaşma, açıq bazarlar və azad ticarət böyütdü. İndi ABŞ həmin sistemin doğurduğu nəticəni geri çevirməyə çalışır. Amma bu, çox gecikmiş reaksiyadır”, — deyə ekspert bildirir.
Bu baxımdan, Trampın Pekində böyük razılaşmaya getməsi real görünmür. Ekspertin fikrincə, tərəflərin ümid edə biləcəyi maksimum nəticə açıq qarşıdurmanın müəyyən qaydalar daxilində saxlanılmasıdır. Lakin ABŞ və Çin arasında liderlik uğrunda mübarizə sadə ticarət razılaşmaları ilə həll olunacaq məsələ deyil.
“Ən yaxşı halda Vaşinqton və Pekin münaqişənin qaydaları barədə danışa bilərlər. Məqsəd boks rinqinin tammiqyaslı döyüş meydanına çevrilməsinin qarşısını almaqdır. Amma bu da asan olmayacaq, çünki qlobal liderlik uğrunda mübarizələr tarixən həmişə sərt və təhlükəli olub”, — deyə Pərviz Əliyev yekunlaşdırır.