Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən ikitərəfli danışıqlar və Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasının yekununda “Əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Deklarasiya” imzalayıblar. Sənəd iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.
Xəbəri “The Astana Times” nəşrinə istinadən təqdim edirik.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan Transxəzər Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyətinin hər keçən gün daha yaxşı anlaşıldığını bildirib. Türkiyə liderinin sözlərinə görə, Ankara Qazaxıstan və digər tərəfdaşlarla birlikdə bu marşrutun inkişafını yalnız yükdaşımalar üçün deyil, həm də enerji resurslarının Qərbə nəqli baxımından təşviq etməyə davam edəcək.

Ərdoğan qeyd edib ki, Türkiyə Qazaxıstan neftinin daha böyük həcmlərlə dünya bazarlarına Türkiyə üzərindən çıxarılmasında maraqlıdır. O, Orta Dəhlizi müasir İpək yolunun analoqu kimi xarakterizə edərək, bu marşrutun Avrasiya regionunun qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artıracağını vurğulayıb.
Tokayev isə iki ölkənin ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəfini bir daha təsdiqləyib. Qazaxıstan lideri bildirib ki, Türkiyə ölkəsinin ən böyük xarici investorlarından biridir: son 20 ildə türk şirkətləri Qazaxıstan iqtisadiyyatına təxminən 6 milyard dollar, Qazaxıstan isə Türkiyəyə təxminən 2,5 milyard dollar sərmayə yatırıb.

Danışıqlarda müdafiə, enerji, investisiya, infrastruktur, təhsil və media sahələrini əhatə edən bir sıra sənədlər də imzalanıb. Onların arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması, mədəniyyət mərkəzlərinin fəaliyyəti, hüquqi yardım, təhsil, səhiyyə infrastrukturu, neft-qaz layihələri və ANKA pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə birgə müəssisənin yaradılması ilə bağlı razılaşmalar yer alıb.
Görüş zamanı Tokayev Ərdoğanın Qazaxıstanla Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə və türk dünyasında əməkdaşlığın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O, Türkiyə Prezidentini yeni təsis edilmiş “Xoca Əhməd Yəsəvi ordeni” ilə təltif edib. Ərdoğan bu ordenin ilk sahibi olub.
Tokayev ordenin mənəvi qardaşlıq və tarixi ədalət rəmzi olduğunu bildirib və Ərdoğanı türk dünyasının nüfuzlu liderlərindən biri kimi qiymətləndirib. Türkiyə Prezidenti isə mükafatı Türkiyə Respublikasına və türk xalqına göstərilən yüksək ehtiramın ifadəsi kimi qəbul etdiyini deyib.