Uesli Sneyder “Barselona”nı sərt tənqid etdi

Uesli Sneyder “Barselona” azarkeşlərinin Lamin Yamalı Kriştiano Ronaldu ilə müqayisə etməsini tənqid edib və Kataloniya klubunun Çempionlar Liqasındakı uğursuzluqlarını xatırladıb.

“Real Madrid”in keçmiş futbolçusu Uesli Sneyder “Barselona” azarkeşlərinin Lamin Yamalı Kriştianu Ronaldu ilə müqayisə etməsinə sərt reaksiya verib.

İspaniyanın “Diaro AS” nəşrinin məlumatına görə, niderlandlı sabiq yarımmüdafiəçi Kataloniya klubunun Avropadakı nəticələrini tənqid edib və La Liqa çempionluqlarının həddindən artıq böyüdüldüyünü bildirib.

Sneyderin sözlərinə görə, “Barselona” 10 ildən artıqdır UEFA Çempionlar Liqasını qazana bilmir, Avropada uğursuz çıxış edir və buna baxmayaraq, liqa titullarını “sanki futbolu yenidən fəth etmiş kimi” qeyd edir. O, klubun son illərdə qitə turnirlərindəki nəticələrinin Kataloniya təmsilçisinin standartları ilə uyğun gəlmədiyini vurğulayıb.

Sabiq futbolçu xüsusilə Lamin Yamalın Kriştianu Ronaldu ilə müqayisə olunmasını doğru saymadığını bildirib. Sneyder qeyd edib ki, “Barselona” azarkeşlərinin 18 yaşlı futbolçunu La Liqa titullarına görə Ronaldo ilə müqayisə etməsi klubda standartların nə qədər aşağı düşdüyünü göstərir.

Bu müzakirə “Barselona”nın son La Liqa çempionluğundan sonra yenidən gündəmə gəlib. Nəşrin digər məlumatına görə, Lamin Yamal artıq üç La Liqa tituluna sahibdir, Ronaldu isə “Real Madrid”də çıxış etdiyi dövrdə İspaniya çempionatını iki dəfə qazanmışdı. Bununla belə, nəşr də qeyd edir ki, Çempionlar Liqası həm Yamal, həm də “Barselona” üçün hələlik əsas hədəf olaraq qalır; klub son dəfə bu turniri 2015-ci ildə qazanıb.

Sneyder isə Ronaldunun təxminən 20 il ərzində İngiltərə, İspaniya, İtaliya və Avropa futbolunda dominant oyunçulardan biri olduğunu xatırladaraq, “Barselona” azarkeşlərinin futbol tarixinin ən böyük oyunçularından birinə lağ etmək əvəzinə, Çempionlar Liqasında daha irəli getməyə fokuslanmalı olduğunu bildirib.