Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmət, dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı müzakirə olunub.
Dövlət başçısı ötən il Slovakiyaya rəsmi səfəri zamanı keçirilən görüşləri, o cümlədən Rixard Raşi ilə danışıqlarını məmnunluqla xatırladıb. Prezident İlham Əliyev müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf etdiyini vurğulayaraq, ikitərəfli əlaqələrin genişlənməsində parlamentlərarası münasibətlərin mühüm rol oynadığını qeyd edib.
Rixard Raşi böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin iki ölkə arasında tərəfdaşlığın daha bir göstəricisi olduğunu bildirib. O, Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfərinə görə minnətdarlığını ifadə edib və dövlət başçısı ilə görüşdən şərəf duyduqlarını söyləyib.
Qonaq 2022-ci ildə Azərbaycana səfəri zamanı Şuşada olduğunu xatırladaraq, bu səfər çərçivəsində Qarabağa da gedəcəyini bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti bölgədə aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.
Görüş zamanı Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə olunan nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı isə sülhün möhkəmləndirilməsi istiqamətində Azərbaycanın gördüyü tədbirlərdən danışaraq, Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətlərinin formalaşdığını, o cümlədən Azərbaycandan Ermənistana neft məhsullarının ixrac edildiyini qeyd edib.
Söhbət zamanı Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu, siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakı Azərbaycan-Slovakiya dostluğunun göstəricisi kimi qiymətləndirilib.
Tərəflər beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr, enerji, müdafiə sənayesi, təhsil, humanitar sahə, müasir texnologiyalar, mədəniyyət, idman və turizm istiqamətlərində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Görüşdə tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi də bildirilib və bunun turizm, eləcə də insanlararası təmasların inkişafına töhfə verəcəyi qeyd olunub.








