“Microsoft” İsrail bölməsinin rəhbərini vəzifədən uzaqlaşdırıb

“Microsoft”un İsrail bölməsinin rəhbəri Alon Haymoviç daxili araşdırmadan sonra postunu tərk edib. Araşdırma “Azure” xidmətlərindən fələstinlilərin kütləvi izlənməsi üçün istifadə iddiaları ilə bağlı aparılıb.

“Microsoft”un İsrail bölməsinin baş direktoru Alon Haymoviç daxili araşdırmadan sonra vəzifəsindən ayrılıb.

“Ynet”-in məlumatına görə, şirkətin qlobal rəhbərliyi tərəfindən aparılan yoxlama İsrail bölməsinin ölkənin Müdafiə Nazirliyi ilə əməkdaşlığı və bu əməkdaşlıq çərçivəsində “Microsoft Azure” xidmətlərindən istifadə məsələlərini əhatə edib. Məlumata əsasən, Haymoviçlə yanaşı, bir neçə yüksək vəzifəli menecer də şirkətdən ayrılmağa məcbur edilib.

Araşdırma 2025-ci ilin avqustunda “The Guardian” tərəfindən dərc olunan materialdan sonra başlanıb. Həmin materialda İsrail ordusunun bir bölməsinin Qəzza və işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə aid telefon danışıqları ilə bağlı məlumatları “Microsoft Azure” bulud sistemlərində saxladığı iddia olunurdu. “Microsoft” sentyabrın 25-də açıqlamışdı ki, daxili yoxlama zamanı bu iddiaların bəzi elementlərini təsdiqləyən sübutlar tapılıb və İsrail Müdafiə Nazirliyinin müəyyən bulud və süni intellekt xidmətlərinə çıxışı dayandırılıb.

Şirkətin prezidenti Bred Smit həmin vaxt bildirmişdi ki, “Microsoft” heç bir ölkədə mülki şəxslərin kütləvi izlənməsini asanlaşdıran texnologiya təqdim etmir. O qeyd etmişdi ki, araşdırma müştəri məlumatlarının məzmununa giriş olmadan, şirkətin daxili sənədləri, maliyyə qeydləri, yazışmaları və digər biznes məlumatları əsasında aparılıb.

“Ynet” yazır ki, “Microsoft” rəhbərliyi “The Guardian”ın araşdırmasında göstərilən halların tək istisna olub-olmamasından narahatdır. Şirkət daxilində əsas risklərdən biri kimi bu cür istifadənin Avropada böyük məhkəmə iddialarına və tənzimləyici cərimələrə səbəb ola biləcəyi göstərilir. “Microsoft” isə Haymoviçin vəzifədən ayrılması ilə bağlı son məlumatlara geniş şərh verməyib və onun ayın sonunda dörd illik rəhbərlikdən sonra postunu tərk edəcəyini bildirən qısa açıqlaması ilə kifayətlənib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.