“Liverpul” klubu mərhum futbolçusu Dioqo Jota və onun qardaşı Andre Silvanın xatirəsinə “Enfild” stadionunda qurulacaq daimi memorialın görüntülərini təqdim edib. Klubun rəsmi məlumatına görə, memorial “Forever 20” adlanır və Jotanın “Liverpul”dakı 20 nömrəli formasına istinad edir.

Memorial “Enfild”in 97 Avenue hissəsində yerləşdiriləcək. Kompozisiyanın mərkəzində Jotanın məşhur qol sevinci — əllərlə ürək işarəsi — əsasında hazırlanmış axıcı ürək formalı heykəl dayanacaq. Heykələ müxtəlif bucaqlardan baxanda Dioqo Jotanın 20, qardaşı Andre Silvanın isə 30 nömrəsi görünəcək. Silva Portuqaliyanın “Penafiel” klubunda 30 nömrəli forma ilə çıxış edirdi.
MSNews.az xəbəri “The Guardian” nəşrinə istinadən təqdim edir.
Memorialın daş postamentində azarkeşlərin “Enfild”ə gətirdiyi minlərlə xatirə əşyasından — güllər, şərflər, kartlar və bannerlərdən — təkrar emal edilmiş elementlər istifadə olunacaq. Həmçinin abidədə azarkeşlərin Jota üçün oxuduğu məşhur mahnının sözləri də yer alacaq. “Liverpul” memorialın rəsmi açılış tarixinin daha sonra elan olunacağını bildirib.
Dioqo Jota və qardaşı Andre Silva 2025-ci ilin iyulunda İspaniyanın şimal-qərbində baş verən avtomobil qəzasında həlak olublar. Jota “Liverpul” forması ilə 182 oyunda 65 qol vurub, klubla Premyer Liqa, FA Kuboku və iki Liqa Kuboku qazanıb. Faciədən sonra “Liverpul” Jotanın 20 nömrəli formasını klubun bütün səviyyələrində — əsas komanda, qadın komandası və akademiya daxil olmaqla — əbədi istifadədən çıxarıb.