Almaniyanın “Şalke 04” klubunun qapıçısı Loris Karius və həyat yoldaşı, italiyalı televiziya aparıcısı Diletta Leotta ikinci dəfə valideyn olublar. Cütlüyün Leonardo adlı oğlu dünyaya gəlib. “Şalke” yeni doğulan körpə ilə bağlı ailəni təbrik edib və bu xəbəri “İtaliyadan gözəl xəbər” kimi təqdim edib.
MSNews.az xəbəri “Die Welt” nəşrinə istinadən verir.
“Die Welt”-in məlumatına görə, Karius “Şalke”nin Bundesliqaya yüksəlməsindən sonra komandanın “Nürnberq”lə mövsümün son səfər oyununda iştirak etməyib. Buna səbəb onun İtaliyada Diletta Leottanın yanında olması və oğlunun dünyaya gəlişini ailəsi ilə birlikdə qarşılaması olub.
“Şalke”nin baş məşqçisi Miron Musliç də qapıçının yoxluğuna anlayışla yanaşıb. O bildirib ki, klub Karius və ailəsi üçün heç bir vaxt təzyiqi yaratmır, futbolçu həftənin ortalarında Gelzenkirxenə qayıdacaq və növbəti ev oyununda yenidən əsas qapıçı kimi meydana çıxacaq.
“Bild” yazır ki, Leonardo Karius və Leottanın ikinci övladıdır. Cütlüyün ilk övladı — qızları Ariya 2023-cü ilin avqustunda dünyaya gəlib, Karius və Leotta isə 2024-cü ilin iyununda evləniblər.
Karius üçün bu həftə həm idman, həm də şəxsi həyat baxımından uğurlu keçib. Alman qapıçı əvvəlcə “Şalke” ilə Bundesliqaya yüksəlişi bayram edib, daha sonra isə ikinci dəfə ata olmaq sevincini yaşayıb.