Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb və onlara mənzillərin açarlarını təqdim edib. Dövlət başçısı çıxışında Zəngilan sakinlərini uzun fasilədən sonra doğma yurda qayıtmaları münasibətilə təbrik edib. Prezident bildirib ki, görüşün məhz Ulu Öndər Heydər Əliyevin doğum günündə keçirilməsi rəmzi məna daşıyır və Heydər Əliyevin ən böyük arzularından biri işğal altında olan torpaqların azad edilməsi idi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı işğalçı qüvvələri torpaqlarından qovaraq bütün əraziləri üzərində suverenliyini təmin edib. Onun sözlərinə görə, 2020-ci ildə Şuşanın azad edilməsindən sonra Ermənistan ordusunun müqaviməti qırılıb, Kəlbəcər, Laçın və Ağdam rayonları isə siyasi yolla, Azərbaycanın sərt mövqeyi nəticəsində geri qaytarılıb.
Dövlət başçısı 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərinə də toxunaraq bildirib ki, separatçılığa son qoyulub, işğal tam başa çatıb və Azərbaycanın suverenliyi tam bərpa edilib. Prezident vurğulayıb ki, bu tarixi hadisələr gənc nəslə məktəblərdə, ailələrdə və cəmiyyətdə çatdırılmalıdır.
Çıxışında Zəngilanın işğal dövründə dağıdılmasına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, şəhər və kəndlər viran qoyulsa da, Azərbaycan azad edilmiş əraziləri planlı şəkildə bərpa edir. Dövlət başçısı Bəsitçay qoruğuna, meşə fonduna və dini-tarixi abidələrə vurulan zərəri xatırladaraq, bu prosesin yalnız tikinti deyil, həm də işğalın ağır fəsadlarının aradan qaldırılması olduğunu qeyd edib.
Prezident Zəngilanda aparılan quruculuq işlərinin genişlənəcəyini bildirib. Onun sözlərinə görə, şəhərdə ilk yaşayış məhəlləsi istifadəyə verilib, növbəti mərhələlərdə ikinci və üçüncü yaşayış layihələri də həyata keçiriləcək. Dövlət başçısı Zəngilan məscidinin inşa edildiyini, Ağalı və Məmmədbəyli kəndlərinin salındığını, şəhərin mərhələli şəkildə genişlənəcəyini vurğulayıb.
Zəngilanın gələcək inkişaf istiqamətlərindən danışan Prezident İlham Əliyev rayonun nəqliyyat baxımından strateji əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, Zəngilan Azərbaycanın və regionun mühüm nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Onun sözlərinə görə, Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək yaxın illərdə mümkün olacaq, bu xətt isə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana qədər uzanacaq. Prezident həmçinin İran sərhədində körpü və sərhəd-gömrük infrastrukturunun tikildiyini, bu layihələrin Zəngilanın beynəlxalq nəqliyyat dəhlizində rolunu artıracağını bildirib.
Dövlət başçısı Zəngilanın enerji potensialına da toxunub. Bildirib ki, rayonda beş il ərzində 42 meqavat gücündə su elektrik stansiyaları tikilib və bu, Zəngilanın müstəqil şəkildə enerji ilə təmin olunmasına imkan verə bilər. Prezident qeyd edib ki, bütövlükdə azad edilmiş ərazilərdə su elektrik stansiyalarından artıq 300 meqavatdan çox enerji əldə olunur, yaxın illərdə isə Günəş enerjisi potensialı da bu prosesə əlavə ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev həmin gün Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında da iştirak edib. Prezidentin rəsmi saytının məlumatına görə, 2 hektardan artıq ərazidə yerləşən kompleksdə 12 bina tikilib. Onlardan 4-ü üçmərtəbəli, 8-i isə ikimərtəbəli “townhouse” tipli evlərdir. Kompleksdəki 104 mənzilin 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub.
Yaşayış kompleksində sakinlərin rahatlığı üçün uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Kompleks Zəngilanın Baş planına uyğun olaraq şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında yerləşir.









