Cəbrayılda 330 kV-luq “Şəfəq” yarımstansiyası istifadəyə verildi

Prezident İlham Əliyev Cəbrayılın Soltanlı kəndində “AzərEnerji”nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib. Yarımstansiya bp-nin 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasını ölkə enerji sisteminə inteqrasiya edəcək.

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verib. 

Bildirilib ki, yarımstansiya bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının ölkənin enerji sisteminə inteqrasiyası üçün inşa olunub. Layihə işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük birbaşa xarici investisiya layihəsi kimi təqdim olunur.

“AzərEnerji” tərəfindən Cəbrayılda tikilən 330 kV-luq rəqəmsal yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib. Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı idarəetmə qurğuları, Rəqəmsal İdarəetmə Mərkəzi və məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi ilə təchiz olunub.

Layihənin əsas məqsədi “Şəfəq” GES-də istehsal olunacaq yaşıl enerjinin ölkə enerji sisteminə etibarlı ötürülməsini təmin etmək, dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək və Azərbaycanın enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, 240 MVt gücündə “Şəfəq” GES layihəsi Energetika Nazirliyi ilə bp arasında imzalanmış icra müqavilələri əsasında həyata keçirilir.

Səngəçal terminalının yaşıl enerji ilə təchizatı üçün də paralel infrastruktur yaradılıb. Bu məqsədlə yeni 220 kV-luq yarımstansiya tikilib və işlər yekunlaşıb. “Şəfəq” GES-də istehsal edilən elektrik enerjisi Cəbrayılda “AzərEnerji” sisteminə ötürüləcək, ekvivalent enerji isə balanslaşdırılmış şəkildə Səngəçal terminalına yönləndiriləcək. Energetika Nazirliyinin məlumatına görə, bu model terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan verəcək.

Açılış zamanı bildirilib ki, Səngəçal terminalında qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində terminalın illik 500 milyon kilovat-saatlıq tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq. Bu isə ildə 120–150 milyon kubmetrdən artıq təbii qaza qənaətə və bp-nin Xəzər regionunda əməliyyat tullantıları üzrə CO₂ emissiyalarının 260–330 min ton azalmasına töhfə verəcək.

Yarımstansiyada çalışan işçi heyətin əsasən yeni məskunlaşmış yerli əhali arasından seçildiyi və müvafiq təlimlərdən sonra işə cəlb olunduğu da qeyd edilib. Bu yanaşma “Böyük Qayıdış” strategiyası çərçivəsində azad edilmiş ərazilərdə enerji obyektlərində yerli kadrların məşğulluğuna xüsusi önəm verildiyini göstərir.

Dövlət başçısına son dövrlərdə yaşıl enerji ilə ənənəvi enerjinin paralel inkişafı barədə də məlumat verilib. Qeyd olunub ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi nəticəsində bəzi günlərdə və saatlarda ölkə üzrə elektrik enerjisi istehlakının 36–41 faizi yaşıl enerji hesabına təmin olunub. Bu göstəricilər Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində yeni mərhələyə keçdiyini göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.