Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Züle peşəkar futbolçu karyerasını mövsümün sonunda başa vuracağını açıqlayıb. 30 yaşlı alman futbolçu bu qərarını “Spielmacher” podkastında elan edib.
“Bundesliga”-nın rəsmi saytının məlumatına görə, Züle karyerasını bitirmək barədə bir müddətdir düşündüyünü, yekun qərarı isə apreldə “Hoffenhaym”a qarşı oyunda aldığı diz zədəsindən sonra verdiyini bildirib.
Züle podkastdakı son futbolçu müsahibəsinə qeyri-adi jestlə də diqqət çəkib. “Goal.com”-un məlumatına görə, o, çəkiliş zamanı otaqdan çıxaraq “McDonald’s”dan 12 çizburger gətirib. Futbolçu zarafatla bildirib ki, əgər bu, onun peşəkar futbolçu kimi son müsahibəsidirsə, özü ilə 12 çizburger götürməyin yaxşı fikir olduğunu düşünüb. O, otaqda dörd nəfər olduqlarını, hərəyə üç burger düşdüyünü, amma adətən özünün təxminən altısını yediyini deyib.
Futbolçu bu zarafatın təsadüfi olmadığını da bildirib. Züle karyerası boyunca bədən quruluşu və qidalanması ilə bağlı müzakirələrə görə tez-tez tənqid olunub və ona “McZüle” ləqəbi verilib. Podkastdakı çizburger epizodu da onun bu ləqəbi yumorla qəbul etdiyini göstərib.
Züle qərarının əsas səbəbi kimi davamlı zədələri göstərib. O, “Hoffenhaym”la oyunda üçüncü dəfə xaçabənzər bağlarının qopduğunu düşündüyünü və həmin anda emosional olaraq çox ağır vəziyyət yaşadığını deyib. Sonradan MRT ciddi qopma olmadığını göstərsə də, futbolçu artıq bədəninin və psixologiyasının bu yükü daşımaq istəmədiyini anlayıb.
Alman müdafiəçi karyerası ərzində “Hoffenhaym”, “Bavariya” və Dortmund “Borussiya”sında çıxış edib. O, “Bavariya” ilə beş dəfə Bundesliga çempionu olub, 2020-ci ildə isə UEFA Çempionlar Liqasını qazanıb. Züle Almaniya millisində 49 oyun keçirib və 2017-ci ildə Konfederasiyalar Kubokunu qazanan heyətin üzvü olub.