Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Breyn rinq” intellektual oyunu üzrə rayon turniri keçirilib.
Turnir Quba Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Quba rayon Heydər Əliyev Mərkəzi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Yarışda Quba Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı, ASAN Xidmət Mərkəzi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Quba Heydər Əliyev Mərkəzi, Quba Dövlət Sosial İqtisad Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Quba Peşə Liseyi, Quba Olimpiya İdman Kompleksi və Quba rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarından ibarət komandalar mübarizə aparıblar.
Tədbirin açılış mərasimində YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba Heydər Əliyev Mərkəzinin müdiri Sevinc Səlimova və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov çıxış ediblər.
Çıxışlarda turnirin əsas məqsədinin Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin idarə, müəssisə və təşkilatlar arasında təbliği, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkilinə dəstək olduğu vurğulanıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın finalında Quba Dövlət Sosial İqtisad Kollecinin komandası Quba ASAN Xidmət Mərkəzinin komandasına qalib gələrək turnirin birincisi olub. Üçüncü yer uğrunda görüşdə isə Quba Rayon İcra Hakimiyyətinin komandası Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının komandasını məğlub edib.
Sonda qalib və mükafatçı komandalar təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələrlə təltif olunublar.



















