İran mediası ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında iki kiçik mülki yük qayığını hədəfə aldığını iddia edib. “Tasnim” agentliyinə istinadən yayılan məlumatlarda bildirilir ki, qayıqlar Oman sahilindəki Xasab limanı istiqamətindən İran sahillərinə doğru hərəkət edərkən ABŞ qüvvələri tərəfindən atəşə tutulub. İran tərəfi hadisə nəticəsində 5 mülki şəxsin öldüyünü bildirir.
MSNews.az xəbəri “Anadolu Agentliyi”-nə istinadən verir.
Tehranın iddiasına görə, bu hadisə Vaşinqtonun “İranın altı kiçik katerini məhv etməsi” barədə açıqlamasından sonra araşdırılıb. “Tasnim”ə danışan hərbi mənbə bildirib ki, vurulan qayıqlar SEPAH-a məxsus döyüş katerləri deyil, mülki yük daşıyan kiçik qayıqlar olub. İran tərəfi ABŞ-ın addımını “tələsik” və regiondakı SEPAH katerlərinin fəaliyyətindən yaranan qorxu ilə bağlı qərar kimi təqdim edib.
ABŞ tərəfinin mövqeyi isə fərqlidir. “Reuters”-in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper mayın 4-də ABŞ qüvvələrinin Hörmüz boğazında altı İran kiçik katerini məhv etdiyini, həmçinin İranın raket və PUA hücumlarını zərərsizləşdirdiyini açıqlayıb. Vaşinqton bu əməliyyatın boğazdan təhlükəsiz gəmi keçidini təmin etmək məqsədi daşıdığını bildirir.
“Associated Press” də yazır ki, ABŞ hərbçiləri əməliyyatı “Project Freedom” çərçivəsində həyata keçirib və məqsəd Hörmüz boğazında kommersiya gəmilərinin hərəkətini bərpa etmək olub. ABŞ hərbi mənbələri həmin katerlərin mülki gəmiləri hədəfə aldığını iddia edir. İran isə bu versiyanı rədd edərək vurulanların mülki yük qayıqları olduğunu bildirir.
Hadisə ABŞ və İran arasında Hörmüz boğazı üzərində nəzarət uğrunda gərginliyin kəskin artdığı vaxta təsadüf edir. Son günlər bölgədə ABŞ-ın gəmi müşayiəti əməliyyatları, İranın boğaza girişlə bağlı xəbərdarlıqları, BƏƏ sahilləri yaxınlığında gəmi insidentləri və qarşılıqlı ittihamlar fonunda vəziyyət daha da mürəkkəbləşib. Hələlik İranın “mülki qayıqlar vurulub” iddiası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.