Almaniyanın köklü klublarından “Şalke 04” üç mövsümlük fasilədən sonra yenidən Bundesliqaya yüksəlib. Gelzenkirhen təmsilçisi 2-ci Bundesliqanın 32-ci turunda “Fortuna Düsseldorf”u 1:0 hesabı ilə məğlub edərək mövsümün bitməsinə iki tur qalmış elitaya birbaşa vəsiqəni təmin edib. Qarşılaşmada yeganə qolu 15-ci dəqiqədə komandanın kapitanı Kenan Karaman vurub.
“Şalke” hazırda 67 xalla turnir cədvəlinə liderlik edir və artıq ilk iki yerdən birini təmin edib. Klub 2023-cü ildə Bundesliqadan düşdükdən sonra ilk dəfə yenidən Almaniya futbolunun əsas divizionunda çıxış edəcək. Bu mövsüm komandanın ev oyunlarında orta azarkeş sayı 60 mindən çox olub ki, bu göstərici bir çox Bundesliqa klubundan yüksəkdir.
Komandanın heyətində tanınmış simalar da yer alır. “Sports.ru” qeyd edir ki, “Şalke”də sabiq “Mançester Siti” hücumçusu Edin Dzeko və keçmiş “Liverpul” qapıçısı Loris Karius çıxış edir. Klubun qayıdışı azarkeşlər üçün emosional hadisəyə çevrilib: final fitindən sonra tribunalar alovlu bayram ab-havasına bürünüb, lakin fanatlar meydançaya daxil olmadan futbolçuların sevinci yaşamasına imkan veriblər.