İtaliyada VAR qalmaqalı: gizli əl işarələri iddiası

İtaliyada hakim qalmaqalı böyüyür. “La Repubblica” VAR otağında “müdaxilə et” və “müdaxilə etmə” mənası daşıyan gizli əl işarələrindən istifadə edildiyini yazıb.

10

İtaliya futbolunda hakim qalmaqalı yeni iddialarla daha da böyüyüb. “La Repubblica”nın məlumatına görə, VAR otağında hakim qərarlarına təsir göstərə bilən şəxslərin gizli əl işarələrindən istifadə etdiyi iddia olunur. İddialara əsasən, qaldırılmış əl “müdaxilə etmə”, sıxılmış yumruq isə “baş hakimi monitora çağır” mənasını verib.

Bu məlumatı “Il Fatto Quotidiano” “Goal Italia” da “La Repubblica”ya istinadən yayıb.

Qalmaqalın mərkəzində “Serie A” və “Serie B” hakimlərinin təyinatına cavabdeh olan Canluka Rokki dayanır. Milan Prokurorluğu onu “idman fırıldağında iştirak” şübhəsi ilə araşdırır. İttihamlara görə, Rokki bəzi oyunlarda hakim təyinatlarına və VAR prosesinə təsir göstərib, o cümlədən “İnter” üçün əlverişli hesab edilən hakimlərin seçilməsində rol oynayıb. Rokki isə ittihamları rədd edir və istintaq dövründə vəzifəsindən müvəqqəti kənarlaşdığını açıqlayıb.

Araşdırmada VAR sisteminə cavabdeh Andrea Gervasoninin də adı keçir. O da istintaqla əlaqədar vəzifəsindən müvəqqəti kənarlaşıb. Prokurorluğun araşdırdığı epizodlar arasında 2024/2025 mövsümündə bəzi hakim təyinatları və VAR qərarlarına mümkün müdaxilələr var.

“The Guardian” yazır ki, işin miqyası İtaliya futbolunda 2006-cı ilin “Calciopoli” qalmaqalını xatırlatsa da, hələlik “İnter” klubu və klub rəsmiləri istintaq altında deyil. Araşdırma əsasən hakim təyinatları və VAR idarəçiliyindəki mümkün qanunsuzluqlara yönəlib.

Hazırda söhbət məhkəmədə sübut olunmuş faktlardan yox, prokurorluq araşdırması və media sızmalarından gedir. Bununla belə, gizli VAR jestləri iddiası İtaliya futbolunda hakim sisteminin şəffaflığı ilə bağlı ciddi suallar yaradıb.