İtaliya futbolunda qalmaqallı araşdırma gündəmə gəlib. “Serie A” və “Serie B” hakimlərinin təyinatına cavabdeh olan Canluka Rokki Milan Prokurorluğu tərəfindən “idman fırıldağında iştirak” şübhəsi ilə istintaqa cəlb olunub.
AGI-nin məlumatına görə, Rokkiyə göndərilən rəsmi bildirişdə üç ittiham epizodu yer alır.
İstintaq materiallarına əsasən, Rokki ötən mövsüm bəzi oyunlarda “İnter” üçün uyğun hesab edilən hakimlərin təyinatında rol oynamaqda şübhəli bilinir. AGI-yə istinad edən “Eurosport” yazır ki, epizodlardan biri 2025-ci il aprelin 20-də keçirilən “Bolonya” – “İnter” oyunu üçün Andrea Kolombonun hakim təyin edilməsi ilə bağlıdır. Prokurorluğun versiyasına görə, Kolombo qonaq komanda olan “İnter” üçün “münasib hakim” kimi qiymətləndirilib.
İkinci epizod isə 2025-ci il aprelin 2-də keçirilən “Milan” – “İnter” İtaliya Kuboku yarımfinalının ilk oyunu ilə əlaqələndirilir. İddialara görə, Daniele Doverinin cavab oyununa təyin olunması sonrakı mərhələlərdə və “Serie A”-nın həlledici oyunlarında “İnter” üçün daha əlverişli hakim təyinatlarına şərait yaratmaq məqsədi daşıyıb.
Araşdırmanın digər vacib hissəsi 2025-ci il martın 1-də keçirilən “Udineze” – “Parma” oyunu ilə bağlıdır. İtaliya mediası yazır ki, VAR otağında mümkün penalti epizodu müzakirə edilərkən xarici müdaxilə ehtimalı araşdırılır.
“Corriere della Sera”nın məlumatına görə, müstəntiqlər həmin görüşün video və audio materiallarını incələyiblər.
Rokki isə ittihamları qəbul etmir. O, ANSA-ya açıqlamasında hər zaman düzgün davrandığını və məhkəmə sisteminə tam etibar etdiyini bildirib. Onun vəkili də müvəkkilinin ona qarşı irəli sürülən iddialarla razılaşmadığını deyib. Hazırda söhbət istintaq mərhələsindən gedir və ittihamlar məhkəmədə sübuta yetirilməyib.