ABŞ-ın xüsusi təyinatlı qüvvələrində xidmət edən baş çavuş Gennon Ken Van Dayk Nikolas Maduronun 2026-cı ilin yanvarında ələ keçirilməsi ilə nəticələnən ABŞ hərbi əməliyyatı barədə məxfi məlumatlardan şəxsi qazanc üçün istifadə etməkdə ittiham olunur.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Van Dayk “Operation Absolute Resolve” adlı əməliyyatın planlaşdırılması və icrasında iştirak edib, sonra isə həmin əməliyyatın vaxtı və nəticəsi ilə bağlı bilgilərdən istifadə edərək “Polymarket” platformasında mərc edib.
Nazirliyin məlumatına görə, Van Dayk 2025-ci il dekabrın sonundan 2026-cı il yanvarın 2-dək Maduro və Venesuela ilə bağlı bazarlarda təxminən 33 min dollar dəyərində “YES” mərc payları alıb. İttihama əsasən, o, “ABŞ qüvvələri Venesuelaya daxil olacaq”, “Maduro yanvarın 31-dək hakimiyyətdən gedəcək” və oxşar hadisə müqavilələrinə pul qoyub. Ümumi qazancın isə təxminən 409 881 dollar olduğu bildirilir.
“Associated Press” yazır ki, paralel mülki şikayətdə CFTC Van Daykın 26 dekabrda şəxsi bank hesabından kriptovalyuta birjasına 35 min dollar köçürdüyünü, bunun 32,5 min dollardan çoxunu məhz, bu mərc seriyasına yönəltdiyini iddia edir. Həmin sənədlərə görə, əsas mərclərin böyük hissəsi hücuma cəmi bir neçə saat qalmış edilib.
ABŞ Ədliyyə Nazirliyi Van Dayka qarşı məxfi hökumət məlumatından şəxsi mənfəət üçün qanunsuz istifadə, qeyri-ictimai dövlət məlumatının oğurlanması, əmtəə fırıldaqçılığı, elektron fırıldaqçılıq və qanunsuz maliyyə əməliyyatı maddələri ilə ittiham irəli sürüldüyünü açıqlayıb.
İstintaq sənədlərinə görə, Van Dayk qazandığı vəsaitin böyük hissəsini əvvəlcə xarici kriptovalyuta saxlancına, daha sonra isə yeni açılmış onlayn broker hesabına yönəldib. Prokurorlar həmçinin onun “Polymarket”-dən hesabını silməyi xahiş etdiyini və bunu e-poçta çıxışını itirməsi kimi saxta bəhanə ilə əsaslandırdığını bildirirlər.
ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı danışarkən bunu Pit Rouzun öz komandasına mərc etməsi ilə müqayisə edib. Tramp əvvəlcə “bu, Pit Rouzun öz komandasına mərc etməsi kimidir” deyib. O, daha sonra proqnoz bazarları barədə ümumi narahatlığını ifadə edərək “bütün dünya müəyyən mənada kazinoya çevrilib” fikrini də səsləndirib.
Bu mərhələdə vacib detal budur ki, Van Dayk təqsirli bilinməyib, yalnız ittiham olunub. Müdafiə tərəfinin tam mövqeyi hələ açıq görünmür. “Polymarket” isə məsələni özü hüquq-mühafizə orqanlarına ötürdüyünü və istintaqla əməkdaşlıq etdiyini açıqlayıb.