Britaniya gənclərinin yarısı ölkə uğrunda döyüşmək istəmir

Con Smit Mərkəzinin yeni "UK Youth Poll" sorğusu göstərib ki, Britaniyada 16-29 yaşlıların 50 faizi ölkə uğrunda heç bir halda döyüşməyəcəyini deyir, yalnız 36 faizi isə həyatının valideynlərindən daha yaxşı olacağını gözləyir.

25

Britaniyada 16-29 yaş arası gənclərin yarısı ölkə uğrunda silaha sarılmayacağını deyir.

“The Telegraph” tərəfindən gündəmə gətirilən və Con Smit Mərkəzinin “Nationwide” ilə birgə hazırladığı “UK Youth Poll” göstərir ki, respondentlərin 50 faizi “heç bir halda” Britaniya üçün döyüşməyəcəyini bildirib, 38 faizi isə bunu yalnız bəzi hallarda mümkün sayıb.

Sorğu gənclərin gələcəyə baxışında da ciddi pessimizm olduğunu ortaya qoyub. Araşdırmaya görə, həyatının valideynlərindən daha yaxşı olacağını gözləyən gənclərin payı bir il əvvəlki 63 faizdən 36 faizə düşüb. Qlazqo Universitetinin yaydığı məlumatda bu dəyişiklik “bir il ərzində kəskin eniş” kimi təqdim olunur.

Sorğunun nəticələri gənclərin narahatlıqlarının əsasən daxili sosial-iqtisadi problemlərlə bağlı olduğunu göstərir. Con Smit Mərkəzi və “Nationwide”-ın məlumatına görə, ən böyük qayğılar maliyyə çətinlikləri, iş qeyri-sabitliyimənzil əlçatanlığı ilə bağlıdır. Sorğu müəllifləri hesab edir ki, məhz, bu ədalətsizlik hissi və gələcəyə inamın zəifləməsi gənclərin ölkə uğrunda döyüşmək istəksizliyini qismən izah edir.

Con Smit Mərkəzinin direktoru Eddi Barns bildirib ki, bu nəslin bir hissəsi özünü “mənzil bazarından kənarda qalmış, aşağı maaşlar və tələbə borcu altında sıxılmış” hiss edir. Onun sözlərinə görə, belə şəraitdə “ölkə mənim üçün mübarizə aparmırsa, mən niyə onun üçün döyüşməliyəm?” sualının ortaya çıxması təəccüblü deyil.

Beləliklə, The Telegraph”-ın vurğuladığı əsas nəticə təkcə vətənpərvərlik məsələsi deyil, həm də Britaniya gənclərinin sosial və iqtisadi gələcək barədə inamının zəifləməsidir. Sorğu göstərir ki, problem müdafiə mövzusundan daha genişdir və yaşayış xərcləri, maaşlar, iş imkanları və siyasi sistemə etimadla sıx bağlıdır.