Çin avtomobil istehsalçıları Pekin Avtomobil Sərgisində Avropanın premium avtomobil markalarına ciddi rəqabət mesajı veriblər.
“Reuters”-in məlumatına görə, “Geely”, “Nio” və digər Çin şirkətləri yüksək texnologiyalı, lüks seqmentə aid yeni modellərini daha aşağı qiymətlərlə bazara təqdim etməyə hazırlaşırlar.
Məlumata əsasən, bu il Pekin Avtomobil Sərgisində 181 yeni model və 71 konsept avtomobil nümayiş olunacaq. Sərgidə xüsusilə iriölçülü premium SUV modellərinin üstünlük təşkil edəcəyi bildirilir. Çin markaları artıq yalnız münasib qiymətə elektromobil istehsalçısı kimi deyil, həm də premium seqmentin yeni oyunçuları kimi çıxış edirlər.
Analitiklərin fikrincə, son illər Çində davam edən qiymət müharibəsi artıq “qiymət savaşı”ndan “qiymətə görə dəyər savaşı”na çevrilib. Yəni alıcılar indi sadəcə ucuz avtomobil deyil, münasib qiymətə yüksək texnologiya və komfort tələb edirlər.
“Geely”-nin premium markası Zeekr bu günlərdə yeni 8X modelini təqdim edib. Tam ölçülü plug-in hibrid SUV olan model təhlükəsizlik və avtonom idarəetmə funksiyaları ilə diqqət çəkir. Avtomobilin başlanğıc qiyməti 53 min dollardan aşağı göstərilir. Müqayisə üçün, “Porsche Cayenne” və “BMW XM” kimi rəqib modellərin qiyməti xeyli yüksəkdir.

Bazar araşdırmalarına görə, Alman istehsalçıları Çin bazarında mövqelərini itirirlər. “S&P Global Mobility” məlumatına əsasən, Alman avtomobil markalarının Çində ümumi satışları 2019-cu ildəki 5,1 milyon ədəddən 2025-ci ildə 3,85 milyon ədədə düşüb. “Mercedes-Benz”, “BMW”, “Audi” və “Porsche” də ilin ilk rübündə satış azalması açıqlayıblar.
Ekspertlər bildirirlər ki, Çin markalarının premium seqmentə keçidi təkcə daxili bazara deyil, Avropa və digər regionlara da təsir göstərəcək. Çin şirkətləri artıq Avropa bazarına daha çox çıxış etməyə çalışır və premium modellərlə rəqabəti dərinləşdirirlər.