Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir Tehrana gəlib və İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.
“Reuters”-in məlumatına görə, bu səfər ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə bərpa oluna biləcək yeni danışıqlar raundu ərəfəsində baş tutur.

Nümayəndə heyətinə Pakistanın daxili işlər naziri Möhsin Naqvi və digər təhlükəsizlik rəsmiləri də daxildir. “Anadolu Agentliyi” isə İran dövlət mediasına istinadən yazır ki, Munirin Araqçi ilə görüşləri ABŞ-la mümkün növbəti danışıqlar üçün planın konturlarını müəyyənləşdirməlidir və Pakistan tərəfi Vaşinqtonun yeni mesajını Tehrana çatdırır.
Son vəziyyətə görə, ABŞ və İran ötən həftəsonu İslamabadda keçirilmiş birbaşa danışıqlardan sonra yenidən Pakistanda görüşmək imkanını nəzərdən keçirirlər. “Reuters” yazır ki, həmin raund razılaşmasız bitib, amma tərəflər arasında arxa kanallarla təmaslar davam edir və “boşluğu daraltmaq” üçün vasitəçilik səyləri güclənib. Tərəflər prinsip etibarilə atəşkəsin uzadılması və əlavə diplomatik təmaslar barədə danışırlar, baxmayaraq ki, Vaşinqton bunu hələ formal razılaşma kimi təsdiqləməyib.

İranın mövqeyində Livan xətti də mühüm yer tutur. İran XİN sözçüsü Tehranin Livanla atəşkəs öhdəliklərinin bütün cəbhələrdə qorunması üçün təmasda olduğunu deyib. “Reuters”-in bugünkü digər xəbərinə görə isə İsrailin təhlükəsizlik kabineti Livanda mümkün atəşkəsi müzakirə edir və livanlı rəsmilər də belə bir variant üzərində iş getdiyini bildirirlər. Bu fonda Livandakı mümkün atəşkəsin daha geniş diplomatik proses üçün müsbət siqnal kimi dəyərləndirilməsi məntiqli görünür.
Eyni zamanda, İran və ABŞ arasında əsas fikir ayrılıqları hələ də qalır. Vaşinqton İranın nüvə fəaliyyətinin 20 il dayandırılmasını və zənginləşdirilmiş materialın ölkədən çıxarılmasını istəyir, Tehran isə 3–5 illik fasilə təklif edir və sanksiyaların yumşaldılmasını tələb edir. Vasitəçilər hazırda üç əsas düyünü açmağa çalışırlar: nüvə proqramı, Hörmüz boğazı və müharibə ilə bağlı kompensasiya məsələsi.