Uqandada şimpanzelər arasında ölümcül parçalanma qeydə alınıb

"Science" jurnalında dərc olunan araşdırmaya görə, Uqandanın Kibale Milli Parkında yaşayan böyük şimpanze qrupu iki hissəyə bölünüb və bundan sonra ən azı 24 ölümə səbəb olan zorakı qarşıdurma başlayıb.

31

Uqandanın Kibale Milli Parkında yaşayan, dünyada müşahidə olunan ən böyük vəhşi şimpanze icmalarından biri iki ayrı qrupa bölünüb və bu parçalanmadan sonra ölümcül zorakılıq başlayıb.

“Science” jurnalında dərc olunan araşdırmaya görə, Nqoqo adlı bu icma uzun illər vahid sosial quruluşda yaşasa da, 2015-ci ildən etibarən “Qərb” və “Mərkəz” qrupları arasında getdikcə artan uzaqlaşma müşahidə olunub və 2018-ci ilə qədər bu bölünmə tam formalaşıb.

Araşdırma müəllifləri bildirirlər ki, parçalanma əsasən sosial əlaqələrin zəifləməsi, erkək şimpanzelər arasındakı hakimiyyət düzümünün dəyişməsi və əvvəlki birlik rolunu oynayan bəzi yetkin fərdlərin itirilməsi fonunda dərinləşib. “Reuters” yazır ki, 2014-cü ildə xəstəlik əlamətləri fonunda baş verən itkilər və 2015-ci ildə alfa erkəyin dəyişməsi bu gərginliyin başlanğıc nöqtələrindən biri kimi qiymətləndirilir.

Bölünmədən sonra xüsusilə Qərb qrupu tərəfindən Mərkəz qrupuna qarşı koordinasiyalı hücumlar qeydə alınıb. Science” məqaləsinə və “UT Austin”-in araşdırma xülasəsinə görə, 2018–2024-cü illər arasında 7 yetkin erkək və 17 körpənin öldürüldüyü sənədləşdirilib, yəni elmi məqalədə təsdiqlənən minimum ölüm sayı 24-dür. “Reuters” isə qeyd edir ki, 2025 və 2026-cı illərdə əlavə 4 ölüm də baş verib və ümumi təsdiqlənmiş itki sayı 28-ə yüksəlib; bundan başqa, səbəbi bilinməyən yoxa çıxmalar da var.

“Wall Street Journal”-ın yazdığına görə, qarşıdurma hələ də tam başa çatmayıb və bu hadisə təkcə primat davranışı baxımından deyil, sosial bağların dağılmasının nə qədər dağıdıcı nəticələr verə biləcəyini göstərməsi baxımından da diqqət çəkir. Bununla belə, araşdırma müəllifləri “vətəndaş müharibəsi” ifadəsinə ehtiyatla yanaşırlar. Onlar insan münaqişələri ilə müəyyən paralellər görsələr də, bu termini elmi ehtiyatla işlətməməyi üstün tuturlar.

Tədqiqatçılar hesab edirlər ki, bu hadisə son dərəcə nadirdir. Genetik məlumatlara əsaslanan əvvəlki qiymətləndirmələrə görə, şimpanzelərdə bu cür daimi parçalanma təxminən 500 ildə bir baş verə bilər. Üstəlik, bu, insan müdaxiləsi olmadan, təbii şəraitdə uzunmüddətli və kifayət qədər aydın şəkildə sənədləşdirilən ilk belə hadisə sayılır.