Fransız muşketyor d’Artanyanın qalıqları tapılıb?

Məşhur fransız muşketyoru d'Artanyanın qalıqlarının Niderlandın Maastrixt şəhərindəki kilsədə tapıldığı ehtimal olunur. Kimliyin dəqiqləşdirilməsi üçün DNT testi aparılır.

119

Fransanın məşhur muşketyoru Şarl de Bats de Kastelmor d’Artanyanın qalıqlarının Niderlandın Maastrixt şəhərində yerləşən kilsədə aşkar edildiyi ehtimal olunur.

MSNews.az-ın “Reuters“-ə istinadən məlumatına görə, Müqəddəs Pyotr və Pavel kilsəsində döşəmənin bir hissəsi fevral ayında çökdükdən sonra aparılan araşdırmalar zamanı altarın önündə insan skeleti olan məzar tapılıb.

Məlumata əsasən, qalıqların kimliyini dəqiqləşdirmək üçün DNT analizi aparılır. Arxeoloq Vim Deykman bildirib ki, məqsəd tapılan skeletin həqiqətən də Maastrixt yaxınlığında öldürülən məşhur muşketyora aid olub-olmadığını mümkün qədər dəqiq müəyyənləşdirməkdir. Çənə sümüyündən götürülən DNT nümunəsi d’Artanyanın nəslindən olan şəxslərin genetik məlumatları ilə müqayisə edilir.

Tarixi mənbələrə görə, d’Artanyan 1673-cü il iyunun 25-də Fransa-Niderland müharibəsi zamanı Maastrixt mühasirəsində boğazından tüfəng gülləsi yarası alaraq həlak olub. Kilsənin yerləşdiyi ərazi həmin dövrdə Fransa ordusunun düşərgəsinə yaxın olub. Mütəxəssislər hesab edir ki, yay istisində cəsədin Parisə aparılması çətin olduğuna görə onun elə həmin bölgədə dəfn edilməsi inandırıcı görünür.

Araşdırma zamanı əlavə ipucları da üzə çıxıb. Kilsə nümayəndələrinin sözlərinə görə, məzar yerində 1660-cı ilə aid edilən sikkə və qurğuşun gülləsinin bir hissəsi aşkar olunub. Həmçinin dövrə aid məktublardan birində d’Artanyanın müqəddəs torpaqda dəfn olunduğu qeyd edilir. Kilsə rəsmiləri altarın altındakı məzarın bu təsvirə uyğun gələ biləcəyini bildirirlər.

D’Artanyan tarixi şəxsiyyət olsa da, onun adı daha çox Aleksandr Dümanın 1844-cü ildə yazdığı “Üç muşketyor” romanı ilə dünya şöhrəti qazanıb. Əsərdə romantikləşdirilmiş obraz kimi təqdim olunan qəhrəmanın real həyatda Fransa kralı XIV Lüdovikin xidmətində olduğu və sonradan muşketyorların rəhbərlərindən birinə çevrildiyi bilinir.

Hazırda yekun nəticə üçün DNT testinin cavabı gözlənilir. Tədqiqatçılar bildirirlər ki, indiki mərhələdə bütün əlamətlər tapılan skeletin d’Artanyana aid ola biləcəyini göstərsə də, qəti nəticə demək hələ tezdir.