ABŞ prezidenti Donald Tramp verdiyi müsahibədə İrana qarşı müharibənin başlanmasında əsas təşəbbüskar fiqurlardan biri kimi ABŞ müdafiə naziri Pit Heqsetin adını çəkib.
Trump bildirib ki, Pentaqon daxilində müharibə ilə bağlı sərt mövqeni məhz Heqset formalaşdırıb və əməliyyatların başlanmasında onun rolu həlledici olub. Bu açıqlama ABŞ administrasiyası daxilində qərarların necə qəbul edildiyi ilə bağlı müzakirələri daha da gücləndirib.
Məlumata görə, Heqsetin rəhbərliyi dövründə ABŞ-ın İranla bağlı hərbi strategiyası daha aqressiv xarakter alıb. Xüsusilə “Epik Qəzəb Əməliyyatı” çərçivəsində həyata keçirilən hücumlar və sərt bəyanatlar onun siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Ekspertlər qeyd edir ki, bu cür açıqlamalar ABŞ daxilində siyasi məsuliyyətin bölüşdürülməsi və mümkün nəticələrin kimə aid olacağı ilə bağlı yeni polemikalara səbəb ola bilər.
Bəs kimdir Pit Heqset?
Pit Heqset 2025-ci ildən ABŞ-ın müdafiə naziri vəzifəsini tutur. O, əvvəlcə hərbçi, daha sonra media siması və siyasi fiqur kimi tanınıb.
Onun karyerası və şəxsi həyatı uzun müddətdir mübahisələrlə müşayiət olunur. Heqset müxtəlif dövrlərdə maliyyə idarəetməsi problemləri, alkoqol istifadəsi və qadınlara qarşı zorakılıq iddiaları ilə gündəmə gəlib.
Buna baxmayaraq, o, sonradan daha açıq şəkildə dini baxışlara yönəlib və xristian ideologiyasını siyasi və hərbi müstəviyə daşıyan fiqurlardan biri kimi tanınıb. Onun çıxışlarında və fəaliyyətində dini motivlərin, xüsusilə “müqəddəs mübarizə” anlayışının yer aldığı bildirilir.
Heqset həmçinin İsrailə açıq dəstək verən siyasətçi kimi tanınır. O, İsrailin təhlükəsizliyinə “tam bağlılıq” ifadə edib və ABŞ-İsrail hərbi əməkdaşlığını prioritet istiqamətlərdən biri kimi göstərib. Onun xüsusilə JİNSA yəhudi təşkilatı ilə bağlılıq qurduğu deyilir. Bu səbəbdən İsrailə çox yaxın əlaqələri var.

Analitiklər hesab edir ki, onun dini və ideoloji baxışları, eləcə də İsrailə yaxınlığı ABŞ-ın Yaxın Şərq siyasətində daha sərt və konfrontativ xəttin formalaşmasına təsir göstərir.