Fransada Hitler seçkini qazandı

Fransanın Arcis-sur-Aube kommunasında Şarl Hittlerin rəhbərlik etdiyi siyahı bələdiyyə seçkilərinin ikinci turunda 40,59 faiz səs toplayaraq qalib gəlib.

18

Fransanın Arsi-sür-Ob kommunasında keçirilən bələdiyyə seçkilərinin ikinci turunda Şarl Hittlerin rəhbərlik etdiyi siyahı 40,59 faiz səs toplayaraq qalib gəlib. Rəsmi nəticələr ölkənin Daxili İşlər Nazirliyi tərəfindən açıqlanıb. 

MSNews.az xəbər verir ki, Fransada soyadı Adolf Hitlerin soyadına bənzəyən siyasətçi bələdiyyə seçkilərinin nəticələrinə görə diqqət mərkəzinə düşüb. Ölkənin şimal-şərqində, Ob departamentində yerləşən Arsi-sür-Ob kommunasında Şarl Hittlerin rəhbərlik etdiyi “Agissons ensemble pour Arcis” siyahısı ikinci turda 40,59 faiz səs toplayaraq birinci olub. Rəsmi nəticələr Fransa Daxili İşlər Nazirliyinin məlumat bazasında dərc edilib.

Nazirliyin məlumatına görə, Hittlerin siyahısı 455 səs qazanıb və bələdiyyə şurasında 17 yer əldə edib. İkinci yeri 31,49 faiz və 353 səslə Ani Suka tutub. Antuan Reno-Zielinski isə 27,92 faiz və 313 səslə üçüncü olub.

Fransa mediasında bu seçkiyə marağın əsas səbəblərindən biri namizədlərin soyadlarının yaratdığı assosiasiyalar olub. Yerli və milli mediada Şarl Hittlerin soyadının Adolf Hitlerin, Antuan Renault-Zielinskinin soyadının isə Ukrayna prezidenti Volodimir Zelenskinin soyadının tələffüzünü xatırlatdığı vurğulanıb.

Bununla belə, hüquqi baxımdan vacib bir detal da var: Fransada bələdiyyə seçkilərində seçicilər birbaşa meri deyil, bələdiyyə şurasını seçirlər. Mer daha sonra yeni formalaşan şura tərəfindən seçilir. Buna görə hazırkı nəticə Şarl Hittlerin rəhbərlik etdiyi siyahının qələbəsini göstərir və onun yenidən mer seçilməsi üçün əlverişli üstünlük yaratmış olur.

Seçkinin ikinci turunda iştirak səviyyəsi 60,75 faiz olub. Bu göstərici birinci turdakı 58,69 faizlə müqayisədə bir qədər yüksəkdir.