İtaliyanın paytaxtı Roma yaxınlığında baş verən partlayış nəticəsində iki anarxistin həyatını itirdiyi bildirilib. Polis məlumatına görə, hadisə bomba hazırlanması zamanı təsadüfi partlayış nəticəsində baş verib.
Hadisə yerində 53 yaşlı Alessandro Merkocliano və 36 yaşlı Sara Ardizzonenin cəsədləri dağıntılar altından çıxarılıb. Onların Roma yaxınlığında, qədim su kəmərinin yerləşdiyi ərazidə tərk edilmiş tikilidə fəaliyyət göstərdikləri müəyyən edilib.
İlkin araşdırmalara görə, cütlük polis bölməsinə və İtaliyanın müdafiə şirkəti “Leonardo”-ya qarşı hücum planlaşdırırdı. Həmin şirkət ABŞ istehsalı olan “F-35 fighter jet” qırıcı təyyarələrinin hissələrinin istehsalında iştirak edir.
Hadisə yerində partlayıcı maddə hazırlanmasında istifadə olunan ammonium nitratın izləri aşkar edilib. Hüquq-mühafizə orqanları bu faktın planlaşdırılan hücum ehtimalını gücləndirdiyini bildirir.
Polis cütlüyün həbsdə olan anarxist lider Alfredo Kospitonun tərəfdarları olduğunu açıqlayıb. Kospito hazırda terror xarakterli hücumlara görə 20 il həbs cəzası çəkir və qeyri-rəsmi “Anarxist Federasiya” şəbəkəsinin əsas fiqurlarından hesab olunur.
İtaliya rəsmiləri hadisədən sonra ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. Daxili işlər naziri Matteo Piantedosi təcili antiterror iclası keçirib, baş nazirin müavini Antonio Tacani isə anarxist qrupların ölkədə gərginlik yaratmağa çalışdığını bildirib.
Ekspertlər qeyd edirlər ki, bu hadisə İtaliyada radikal sol qrupların yenidən aktivləşməsi ilə bağlı narahatlıqları artırıb. Onların fikrincə, bu cür insidentlər gələcəkdə daha genişmiqyaslı hücum risklərinin mövcud olduğunu göstərir.