“The Newsground” nəşrinin yaydığı məlumata görə, amerikalı maliyyəçi Ceffri Epşteyn 2015-ci ildə yaxın köməkçisi Svetlana Pojidayevanın ailəsinə böyük məbləğdə vəsait köçürüb.
İddialara əsasən, təxminən 250 min dollar “Butterfly Trust” şirkətinin hesabından “Raiffeisenbank”ın Moskva filialındakı hesaba “Svetanın ailəsi üçün” qeydi ilə göndərilib.
Məlumatda bildirilir ki, Pojidayevanın atası Yuri ehtiyatda olan podpolkovnik olub və hərbi tərcüməçilər və kəşfiyyatçılar hazırlayan Xarici Dillər Hərbi İnstitutunun məzunudur. Epşteynin arxivində yer alan məktublarda onun Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəli olduğu qeyd edilib.
İddialara görə, 2015-ci ildə Pojidayevanın valideynləri ABŞ-a səfər edərkən Epşteynlə görüşüb və şam yeməyi zamanı keçmiş fəaliyyəti ilə bağlı məlumatlar paylaşıb. Onun Əfqanıstanda xidmət etdiyi, daha sonra “Rostec” strukturlarında və Rusiya Energetika Nazirliyinin nəzarətində olan “Caspian Service” şirkətində çalışdığı bildirilir.
Mənbənin yazdığına görə, Epşteyn yalnız maliyyə dəstəyi ilə kifayətlənməyib. O, Pojidayevanın ailəsinə ABŞ-da yaşayış üçün imkan yaradıb və qardaşı Sergeyə də kömək edib. Həmçinin iddia olunur ki, onun anası İrina Epşteyn üçün yeni qızların tapılmasında iştirak edib.
Bildirilir ki, Epşteynin ölümündən sonra Svetlana Pojidayeva ad və soyadını dəyişərək Rusiyada yeni pasport alıb. Onun adına Moskvanın mərkəzində mənzil də rəsmiləşdirildiyi qeyd olunur.
Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və iddia xarakteri daşıyır.