ABŞ administrasiyası İrana qarşı davam edən hərbi kampaniyanın yeni mərhələsi çərçivəsində Yaxın Şərqə əlavə minlərlə hərbçi göndərilməsi variantını müzakirə edir.
“Reuters” agentliyinin məlumatına görə, Vaşinqton eyni zamanda İran ərazisində mümkün yerüstü əməliyyat ssenarilərini də nəzərdən keçirir.
Məlumata əsasən, planlaşdırılan əməliyyat bir neçə strateji istiqaməti əhatə edir. Bunlardan biri Hörmüz boğazıdır. Burada əsas məqsəd neft tankerlərinin təhlükəsiz hərəkətini təmin etməkdir. Missiyanın əsasən hava və dəniz qüvvələri tərəfindən icrası nəzərdə tutulsa da, sahil zolağında quru qoşunlarının yerləşdirilməsi ehtimalı da istisna edilmir.
Digər mühüm istiqamət Xarq adası ilə bağlıdır. İranın neft ixracının böyük hissəsini təmin edən bu strateji əraziyə quru qoşunlarının çıxarılması variantı müzakirə olunur. Lakin mənbələr raket və pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən bu addımın olduqca riskli olduğunu bildirir.
Bundan əlavə, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının nəzarətə götürülməsi və ya təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi təyinatlı qüvvələrin istifadəsi də nəzərdən keçirilir. Ekspertlər bu missiyanın hətta ABŞ-ın elit bölmələri üçün belə son dərəcə mürəkkəb olacağını vurğulayır.
Ağ Evdən verilən açıqlamada bildirilib ki, hələlik quru qoşunlarının göndərilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Bununla belə, Donald Tramp administrasiyası bütün variantları gündəmdə saxlayır.
Hazırda regionda təxminən 50 min ABŞ hərbçisi yerləşir. Yaxın günlərdə isə əlavə olaraq 2 min nəfərlik dəniz piyadasından ibarət çevik reaksiya qüvvəsinin bölgəyə göndərilməsi gözlənilir.