Əli Laricani məhv edildi

İsrailin Tehrana endirdiyi hava zərbəsində İran rəsmisi Əli Laricaninin öldürüldüyü iddia edilir. Hadisə ilə bağlı rəsmi təsdiqlər gözlənilir.

54

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və Bəsic qüvvələrinin komandiri Qulamrza Süleymani Tehranda hava zərbələri nəticəsində həlak olublar.

MSNews.az-ın verdiyi məlumata görə, İsrailin müdafiə naziri İsrael Katz bu barədə açıqlama verərək bildirib ki, hücum zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və Bəsic qüvvələrinin komandiri Qulamrza Süleymani Tehranda zərbə nəticəsində həlak olublar.

Nazirin sözlərinə görə, bu məlumat ona İsrail Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir tərəfindən təqdim edilib. İsrail tərəfi zərbənin dəqiqliyini vurğulayaraq hədəfə alınan şəxslərin sağ qalmaq şansının olmadığını bildirib.

Bununla belə, daha əvvəl yayılan məlumatlarda İsrail mənbələri Əli Laricaninin hədəf alındığını təsdiqləsə də, onun öldürülüb-öldürülmədiyi ilə bağlı yekun qiymətləndirmənin davam etdiyini qeyd etmişdi.

İsrail Müdafiə Qüvvələri isə rəsmi açıqlamasında konkret olaraq Laricaninin hədəf alındığını təsdiqləməyib. Hərbi qurum zərbələrin əsas məqsədinin raket istehsalı obyektləri və komandanlıq mərkəzləri olduğunu bildirib.

Hadisə ilə bağlı İran tərəfindən hələlik rəsmi təsdiq verilməyib. Mövcud məlumatlar əsasən İsrail mənbələrinə istinad edir və müstəqil şəkildə təsdiqlənməyib.