Qubada “Pink Power Fest” çərçivəsində “Şən startlar” turniri keçirilib

Quba rayonunda “Pink Power Fest” layihəsi çərçivəsində qız şagirdlər arasında “Şən startlar” turniri keçirilib, qaliblər mükafatlandırılıb.

106

Quba rayonunda həyata keçirilən “Pink Power Fest – qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində “Şən startlar” adlı mütəhərrik oyunlar üzrə turnir təşkil olunub.

Turnirdə Quba rayonunun 6 ümumtəhsil məktəbindən – Zərdabi qəsəbə, Bağbanlı qəsəbə, Hacıhüseynli və Səbətlər kənd tam orta ümumtəhsil məktəbləri, Quba şəhər 7 nömrəli tam orta məktəb və Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyin VI siniflərində təhsil alan ümumilikdə 36 nəfər qız şagird iştirak edib.

Olimpiya sistemi üzrə keçirilən yarışın finalında Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandasını məğlub edərək turnirin qalibi olub.

Üçüncü yer uğrunda qarşılaşmada isə Quba şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbini üstələyərək bürünc medallara sahib çıxıb.

Turnirin sonunda qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, “Pink Power Fest” layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təşviqi və onların idmana marağının artırılmasıdır.