Dubayda “bioloji kassa” yaradılır

Dubayda yaradılacaq "BioVault" layihəsi çərçivəsində nəsli tükənmək təhlükəsi altında olan 10 mindən çox heyvan növünün genetik materialı dondurularaq xüsusi bioloji bankda saxlanacaq.

32

Nəsli tükənmək təhlükəsi ilə üzləşən heyvanların qorunması məqsədilə Dubayda 10 mindən çox heyvan növünün genetik materialının dondurularaq saxlanacağı xüsusi bioloji arxiv yaradılacaq. Layihə alimlər tərəfindən “müasir Nuhun gəmisi” kimi qiymətləndirilir. 

Məlumata görə, layihə “BioVault” adlanır və Dubayda yerləşən Gələcək Muzeyinin tərkibində fəaliyyət göstərəcək. Burada nəsli təhlükə altında olan minlərlə heyvanın toxuma nümunələri, hüceyrə xətləri və genom məlumatları xüsusi kriogen texnologiya vasitəsilə dondurularaq saxlanacaq.

Layihənin həyata keçirilməsində biotexnologiya sahəsində fəaliyyət göstərən “Colossal Biosciences” şirkəti iştirak edir. İlk mərhələdə vəziyyəti ən kritik olan 100 heyvan növünün genetik materialı toplanacaq.

Alimlər bildirirlər ki, bu cür genetik banklar gələcəkdə nəsli tükənən və ya tükənmək üzrə olan heyvan növlərinin bərpası, bioloji müxtəlifliyin öyrənilməsi və ekosistemlərin qorunması üçün mühüm rol oynaya bilər.

Mütəxəssislər qeyd edir ki, iqlim dəyişikliyi, qeyri-qanuni ovçuluq və urbanizasiya nəticəsində son onilliklərdə dünya üzrə heyvan populyasiyalarında ciddi azalma müşahidə olunur. Bəzi hesablamalara görə, 2050-ci ilə qədər heyvan növlərinin yarısının yox olma riski var.

Yeni bioloji kassa Norveçdə fəaliyyət göstərən Svalbard Qlobal Toxum Bankına bənzər prinsiplə işləyəcək, lakin burada bitki toxumları deyil, heyvanların genetik materialı saxlanacaq.