“Novo Nordisk” və “Hims” razılaşdı: “Wegovy” və “Ozempic” platformada satılacaq

"Novo Nordisk" ABŞ-nin "Hims & Hers" şirkəti ilə razılaşma əldə edib. Razılaşmaya görə, "Wegovy" və "Ozempic" dərmanları telemedisin platformasında satılacaq və məhkəmə mübahisəsi dayandırılıb.

42

Danimarkanın dərman istehsalçısı “Novo Nordisk” ABŞ-nin telemedisin şirkəti “Hims & Hers Health” ilə əməkdaşlıq barədə razılığa gəlib. Razılaşmaya əsasən, şirkətin məşhur arıqlama və diabet dərmanları “Wegovy” və “Ozempic” artıq “Hims” platforması vasitəsilə ABŞ-da satılacaq.

Bu razılaşma tərəflər arasında ötən ay başlayan hüquqi mübahisəyə də son qoyub. Novo Nordisk fevral ayında “Hims & Hers” şirkətini “Wegovy” dərmanının qeyri-rəsmi, laboratoriyada hazırlanmış analoqlarını satmaqda ittiham edərək məhkəməyə vermişdi.

Yeni razılaşmadan sonra “Novo Nordisk” məhkəmə iddiasını geri götürdüyünü açıqlayıb. Bununla belə, şirkət gələcəkdə oxşar hallar baş verərsə, yenidən hüquqi addım atmaq hüququnu özündə saxladığını bildirib.

Razılaşmaya əsasən, “Hims” platformasında yalnız ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənmiş dərmanlar satılacaq. Şirkət “Wegovy” və “Ozempic” preparatlarını “Novo Nordisk” tərəfindən müəyyən edilən özəl ödəniş qiymətləri ilə təqdim edəcək.

ABŞ tənzimləyici qurumları son dövrlərdə telemedisin şirkətlərinin bəzi arıqlama dərmanlarının “copycat” – analoq və ya laboratoriyada hazırlanmış versiyalarını reklam etməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Razılaşmaya görə, “Hims & Hers” artıq belə analoq GLP-1 dərmanlarının reklamını dayandıracaq. Bu preparatlar yalnız həkimlər tərəfindən xüsusi tibbi zərurət olduğu halda istifadə oluna biləcək.

“Novo Nordisk”-in rəhbəri Mayk Doustdar bildirib ki, şirkətin “Wegovy” dərmanının yeni tablet forması bazara çıxarıldıqdan sonra iki ay ərzində 600 mindən çox resept yazılıb.

Şirkət arıqlama dərmanları bazarında ABŞ-nin “Eli Lilly” şirkəti ilə ciddi rəqabət aparır. Rəqabət fonunda “Novo Nordisk” bəzi məhsullarının qiymətini aylıq təxminən 1000 dollardan 149–299 dollar aralığına qədər endirib.

Analitiklərin fikrincə, telemedisin platformaları ilə əməkdaşlıq dərmanların daha geniş auditoriyaya çatdırılmasına və satışların artmasına kömək edə bilər.