“Bloomberg”: “Müctəba Xameneinin Londonda 50 milyon funtluq mənzilləri var”

"Bloomberg"-in araşdırmasına görə, İranın ali liderinin oğlu Müctəba Xamenei Londonda İsrail səfirliyi yaxınlığında milyonlarla funt dəyərində mənzillərə sahibdir.

40

İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin Londonda elit daşınmaz əmlaka sahib olduğu iddia edilir. Bu barədə “Bloomberg” agentliyi bir il davam edən araşdırmasının nəticələrinə əsasən məlumat yayıb.

“Bloomberg”-in araşdırmasına görə, Müctəba Xamenei Londonun nüfuzlu Kensinqton rayonunda yerləşən iki dəbdəbəli mənzilə sahibdir. Bildirilir ki, həmin mənzillərdən İsrail səfirliyinin binasına birbaşa mənzərə açılır.

Araşdırmaya əsasən, altıncı və yeddinci mərtəbələrdə yerləşən iki mənzilin ümumi dəyəri 50 milyon funt sterlinqdən çox qiymətləndirilir.

Məlumata görə, daşınmaz əmlak İsrailin Londondakı diplomatik nümayəndəliyindən 50 metrdən də az məsafədə yerləşir. Eyni zamanda həmin bina Böyük Britaniya kral ailəsinin Londondakı rəsmi iqamətgahlarından biri olan Kensinqton sarayının yaxınlığında yerləşir.

“Bloomberg” qeyd edir ki, 56 yaşlı Müctəba Xamenei bu mənzilləri 2014-cü ildən bəri öz nəzarətində saxlayır.

Agentliyin məlumatına görə, araşdırma çərçivəsində daşınmaz əmlak reyestrləri və müxtəlif maliyyə sənədləri təhlil edilib. Bununla belə, mənzillərin əldə edilməsi və maliyyələşdirilməsi ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanmayıb.

Müctəba Xamenei İranın siyasi elitasında təsirli fiqurlardan biri hesab olunur və tez-tez ölkənin gələcək ali lideri ola biləcək şəxslər arasında göstərilir.