Xamenei ölümündən sonra “Dəli” əməliyyatı planını təsdiqləmişdi

“The New York Times” yazır ki, İranın ali lideri Əli Xamenei ölümündən sonra regionda xaos yaratmağı nəzərdə tutan “Dəli” adlı hərbi plan hazırlayıb.

37

İranın ali lideri Əli Xameneinin ölümü halında regionda genişmiqyaslı eskalasiya yaratmağı nəzərdə tutan gizli hərbi plan hazırladığı iddia olunur. Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

“The New York Times” qəzetinin məlumatına görə, İran “Dəli” adlanan çoxmərhələli hərbi əməliyyat planı hazırlayıb. Nəşrin yazdığına əsasən, plan ABŞ, İsrail və regionun ərəb ölkələrinə maksimum təzyiq göstərmək məqsədi daşıyıb.

Məlumata görə, fevralın 28-də öldürülən İranın ali lideri Əli Xamenei tərəfindən təsdiqlənmiş plan Vaşinqtonun regiondakı müttəfiqlərinə zərbə vurmaq üçün hazırlanıb. Strategiya ərəb dövlətlərinin iqtisadiyyatına, turizminə, energetika sektoruna və beynəlxalq gəmiçiliyə zərbələr endirilməsini nəzərdə tuturdu.

Qəzet yazır ki, əməliyyat İranın yenidən hücuma məruz qalacağı və ya Xameneinin öldürüləcəyi halda işə salınmalı idi. Plan üç əsas mərhələdən ibarət olub.

Birinci mərhələdə İsrailə qarşı zərbələrin endirilməsi nəzərdə tutulurdu. İkinci mərhələdə ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücumlar planlaşdırılıb. Üçüncü mərhələdə isə eskalasiyanın daha da genişlənməsi, o cümlədən hava limanları, otellər və səfirliklər kimi mülki obyektlərin hədəfə alınması ehtimalı yer alıb.

“The New York Times”ın məlumatına görə, Tehran hazırkı müharibə başladıqdan sonra qısa müddət ərzində planın bir neçə elementini həyata keçirib.

Nəşr bildirir ki, mümkün böhran şəraitində idarəetmənin davamlılığını təmin etmək üçün Xamenei hər bir mühüm vəzifə üzrə əvvəlcədən dörd mümkün xələf müəyyən edib.

Analitiklər hesab edirlər ki, bu strategiya ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlik sisteminə zərbə vurmaq və regionda geniş miqyaslı qeyri-sabitlik yaratmaq məqsədilə hazırlanmış uzunmüddətli planın tərkib hissəsi ola bilər.

Bundan əvvəl “Financial Times” da Xameneinin strategiyası ilə bağlı məlumat yayaraq, onun ölümündən sonra Yaxın Şərqdə ciddi siyasi və iqtisadi sarsıntılar yarana biləcəyini qeyd etmişdi.