ABŞ və İsrail İranın uran ehtiyatlarını ələ keçirməyi müzakirə edir

“Axios” nəşri yazır ki, ABŞ və İsrail İranın 60% zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi əməliyyat imkanlarını nəzərdən keçirir.

45

ABŞ və İsrail İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlı qüvvələrin mümkün əməliyyatını müzakirə edir. Bu barədə müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən “Axios” nəşri məlumat yayıb.

“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası və İsrail müharibənin növbəti mərhələsində İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək üçün xüsusi əməliyyat imkanlarını nəzərdən keçirir.

Nəşrin dörd mənbəyə istinadən yaydığı məlumata əsasən, belə bir əməliyyat ABŞ, İsrail və ya hər iki ölkənin birgə hərbi qüvvələri tərəfindən həyata keçirilə bilər. Bu planın Donald Trampın əsas prioritetlərindən biri olan İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədinə xidmət etdiyi bildirilir.

Məlumata görə, söhbət İranın 60 faiz səviyyəsində zənginləşdirilmiş təxminən 450 kiloqram uran ehtiyatından gedir. Ekspertlərin hesablamalarına əsasən, bu material bir neçə həftə ərzində silah dərəcəsinə – 90 faiz zənginləşdirmə səviyyəsinə çatdırıla bilər. Həmin həcmdə uranın nəzəri olaraq təxminən 11 nüvə döyüş başlığı hazırlamaq üçün kifayət etdiyi bildirilir.

Mənbələr qeyd edir ki, bu ehtiyatların müsadirə edilməsi üzrə istənilən əməliyyat ABŞ və ya İsrail hərbçilərinin İran ərazisinə daxil olmasını və möhkəmləndirilmiş yeraltı obyektlərə çıxış əldə etməsini tələb edə bilər.

Amerikalı rəsmilərdən birinin sözlərinə görə, əsas suallar uranın dəqiq harada yerləşməsi, ona necə çatmaq və material üzərində fiziki nəzarətin necə təmin olunması ilə bağlıdır.

Müzakirələrdə ehtiyatların ölkədən çıxarılması və ya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlərinin iştirakı ilə yerindəcə tərkibinin dəyişdirilərək zərərsizləşdirilməsi variantlarının da nəzərdən keçirildiyi bildirilir.