İlham Əliyev: “İranın Naxçıvana hücumu terror aktıdır”

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvana PUA hücumunu terror aktı adlandırıb, cavab tədbirlərinin hazırlanması barədə göstəriş verildiyini açıqlayıb.

110

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı İran tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə zərbə endirildiyini bildirib.

Prezident İlham Əliyev hücumun mülki obyektləri hədəf aldığını qeyd edib:

“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər namərd atəşə məruz qalmışdır”.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu “çirkin terror aktını” qətiyyətlə pisləyir və məsul şəxslər dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. İran tərəfi izahat verməli və üzr istəməlidir.

Prezident çıxışında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını da xatırladıb və həmin hadisənin İran dövlət qurumlarının sifarişi ilə həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan o zaman sərt reaksiya verib, səfirliyi təxliyə edib və diplomatik əlaqələri dayandırıb.

İlham Əliyev qeyd edib ki, bu dəfə də cavab adekvat olacaq:

“Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”.

Prezident bildirib ki, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim olunacaq. Diplomatik kanallarla digər tədbirlər də görüləcək.

Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və digər xüsusi təyinatlı qüvvələrin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyi açıqlanıb.

Prezident çıxışında İranın xarici işlər nazirinin müavininin Bakıya müraciət edərək Livanda qalmış İran səfirliyi əməkdaşlarının təxliyəsinə yardım istədiyini də açıqlayıb. İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi bu müraciətə müsbət cavab verib və humanitar yardım göstərilməsi üçün göstəriş verilib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı proseslərin gedişi barədə mütəmadi məlumatlandırılacaq və ölkənin təhlükəsizliyi tam təmin olunacaq.