Pekində Çinin ali qanunverici orqanı olan Milli Xalq Konqresinin (MXK) illik ümumi iclasının açılış mərasimi keçirilib. Paytaxtdakı Böyük Xalq Zalında təşkil olunan iclasda Çin Xalq Respublikasının Sədri Si Cinpin, Baş nazir Li Qianq, parlamentin sədri Jao Leji və Çin Kommunist Partiyasının rəhbər şəxsləri iştirak ediblər.
Konqresin 14-cü çağırışının 4-cü sessiyasının açılışında Baş nazir Li hökumətin illik fəaliyyət hesabatını və dövlət büdcəsinin layihəsini deputatların müzakirəsinə təqdim edib. O, çıxışında iclasda baxılacaq 15-ci Beşillik İnkişaf Planının əsas istiqamətləri barədə məlumat verib.
Hökumətin iş hesabatı, büdcə layihəsi və inkişaf planının martın 12-də keçiriləcək bağlanış iclasında səsverməyə çıxarılaraq təsdiqlənməsi nəzərdə tutulur.
Çinin ən yüksək qanunverici orqanı olan Milli Xalq Konqresinin 2977 üzvü var. Parlament ölkənin əyalət və regional xalq konqreslərinin nümayəndələrindən, eləcə də Çin Xalq Azadlıq Ordusu və Çin Xalq Silahlı Polisi təmsilçilərindən formalaşır. Deputatlar beş il müddətinə seçilir.
MXK mühüm qanunların qəbulu və dəyişdirilməsi, həmçinin ali dövlət vəzifələrinə təyinatların təsdiqi səlahiyyətinə malikdir. Ümumi iclas ildə bir dəfə keçirilir, qanunvericilik fəaliyyətini isə il ərzində iki aydan bir toplaşan 175 nəfərlik Daimi Komitə həyata keçirir.
Milli Xalq Konqresinin illik sessiyası məşvərətçi orqan olan Çin Xalq Siyasi Məşvərət Şurası ilə eyni vaxtda keçirilir. Çində ilin əsas siyasi və iqtisadi prioritetlərini müəyyən edən bu paralel toplantılar “Lianghui” (“İki Sessiya”) adı ilə tanınır.